ABA-dan xarici valyutanın mübadiləsi ilə bağlı açıqlama

 19:01 22.06.2020     683

Məlum olduğu kimi hazırda bütün dünyada koronavirus (COVİD 19) infeksiyasının yayılması nəticəsində bir çox məhdudiyyətlər tətbiq edilir.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) Redaktor.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, ölkədə tətbiq edilən müvafiq məhdudiyyətlərə baxmayaraq banklar yaranmış riskli şəraitdə vətəndaşlara xidmət göstərməyə davam etmiş, mümkün qədər müştəri məmnuniyyətinin təmin edilməsi və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri çərçivəsində vətəndaşların bütün növ bank xidmətlərinə, o cümlədən xarici valyutaya olan tələblərinin tam ödənilməsi üçün fasiləsiz çalışıblar. 

Son günlərdə bəzi mətbu orqanlarında və sosial şəbəkələrdə banklar tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar və müzakirələr yer almışdır.

Məlumatda bildirilir ki, banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər hansı bir yeni qayda tətbiq edilmir və bununla bağlı banklara hər-hansı yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan sənəd daxil olmamışdır. Hazırda ölkəmizdə həyata keçirilən kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin edilməsi tədbirləri çərçivəsində banklar mövcud qanunvericliklə onlara həvalə edilmiş vəzifələrini tam həcmdə həyata keçirilməsini təmin edirlər. 

"Vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər", - deyə ABA-dan bildirilib.