Azərbaycan fındığı ən çox bu ölkələrə ixrac edilib

 18:28 18.09.2020     504

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 55,95 mln. ABŞ dolları dəyərində 9 125,03 ton qabıqlı və qabıqsız meşə fındığı ixrac edib.

Redaktor.az Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilərə əsasən bildirir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,64 mln. dollar və ya 18,4%, həcm ifadəsində isə 3 445,1 ton və ya 27,4% azdır.

Ölkə ən çox qabığı təmizlənmiş meşə fındığı ixrac edib. Hesabat dövründə 54,48 mln. dollar dəyərində 8 579,87 ton qabıqsız fındıq ixrac olunub ki, bu da illik müqayisədə dəyər ifadəsində 19,7%, həcm ifadəsində isə 29,9% azalıb.

Ümumiyyətlə, Azərbaycandan ən çox fındıq Rusiyaya ixrac edilib. Yanvar-iyun aylarında Azərbaycan bu ölkəyə 24,73 mln. dollar dəyərində 4 293,14 ton fındıq ixrac edib. İxracda ikinci ən yüksək paya İtaliya sahib olub. Bu ölkəyə Azərbaycan 14,72 mln. dollar dəyərində 2 100 ton qabıqsız meşə fındığı ixrac edib. İtaliyanın ardınca gələn Almaniya isə Azərbaycandan 6,31 mln. dollar dəyərində 871,46 ton fındıq idxal edib. //APA