Bakıdakı məşhur şadlıq evləri söküləcək, yoxsa...? - TOYLARA QADAĞA

 15:24 23.09.2020     1330

Karantin rejiminin sərt qaydalarına məruz qalan əsas biznes obyektlərindən biri də şadlıq evləridir.

Kütləvi toy mərasimlərinin keçirilməsinin qadağan edilməsi, bu sektorun fəaliyyətində ciddi böhran yaradıb.  Bəs, toysuz qalan şadlıq evlərinin gəlir əldə etməsi üçün, onları başqa obyektə çevirmək mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az saytına danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, şadlıq evlərini ən yaxşı halda restoran, iaşə obyektinə çevrimək mümkündür:

“Şadlıq evlərinin dizaynı elədir ki, onları ən yaxşı halda sadə restorana, iaşə obyektinə çevirmək olar. Restoranlara qapalı şəraitdə işləməyə də müəyyən məhdudiyyətlərlə icazə verilib. Müəssisə işləyəcəksə, orada dövriyyə o həcmdə olmalıdır ki, sabit xərcləri kompensassiya edə bilsin. Amma indiki halda əhalinin alıcılıq gücü də azdır.

Alternativ yoxdur. Şadlıq saraylarının infrastrukturları böyükdür. Belə olan halda kommunal xidmətlər üçün də aylıq ödəniş artır. Onlar necə fəaliyyət göstərəcək? Doluluq hansı səviyyədə olacaq? Bunları müəyyən edib, şadlıq evlərini iaşə obyetinə çevirərək, dizaynı dəyişmədən müvəqqəti işlətmək olar”.

Məsələ ilə bağlı Bakıda fəaliyyət göstərən nüfuzlu şadlıq evləri ilə danışıdıq. Onlar da şadlıq saraylarının başqa obyektə çevirməyin mümkünsüz olduğunu vurğuladı:

“Hər bir şadlıq evinin tikilişinə, tutduğu əraziyə uyğun özünün təyinatı var. Eləsi var kiçik, eləsi var böyük, əhatəli məkanda tikilib. Yerləşmə obyektindən asılı olaraq, Bakı şəhəri və ətrafında yerləşən obyektlər var. Şəhərətrafında yerləşən şadlıq evlərini müəyyən obyektlərə çevirmək olar, amma Bakıda yerləşənləri başqa obyektə çevirmək mümkün deyil".

Lalə Cəfərli / Redaktor.az