Qarabağ müharibəsi: Regionda hər şey dəyişir - Azərbaycanın gücü
"İşğal altında olan torpaqların azad olunması bölgədə sülhün bərqərar olması deməkdir. Bu, bütövlükdə Azərbaycana bundan sonra xarici investisiyaların daha da artmasına imkan verəcək".
Bu sözləri Redaktor.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili işğal altında olan ərazilərin Azərbaycan iqtisadiyyatına olan müsbət təsirindən danışarkən deyib. O bildirib ki, Azərbaycanda və regionda müharibə riskinin aradan qalxması bir çox investorların ölkəmizə yatırım etməsinə səbəb olacaq:
“Çünki müharibə hər zaman risk deməkdir. Bir çox investorlar müharibə riski olan ərazilərdə yatırım etməkdə ehtiyat edirlər. Bölgədə riskin olmaması isə investorları əmin şəkildə yatırım etməyə təşviq edir. Bu cəhətdən baxsaq, bütövlükdə Azərbaycan üçün münaqişənin həlli bölgəmizin inkişafı üçün çox mühüm və əhəmiyyətli amildir”.
Millət vəkili işğal altında olan ərazilərdə qiymətli metal yataqlarından da danışıb:
“Dağlıq Qarabağ ərazisində qiymətli metal yataqları mövcuddur. Buna misal olaraq Kəlbəcərdə və digər ərazilərdə qızıl yataqlarını misal göstərmək olar. Həmçinin, dağ mədən sənayesini də qeyd etmək olar. Bu istiqamətdə Azərbaycanın mühüm uğurları var. Azərbaycan qızıl ixracı ilə bağlı texnologiyaya sahibdir və bu da bizim qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq”.
T. Mirkişili ərazilərin geri qaytarılmasının turizim sektorunun inkişafında da mühüm rol oynayacağını bildirib:
“Dağlıq Qarabağ bölgəsi tarix və təbiət baxımından daha çox turist cəlb edə biləcək potensiala malikdir. Bu baxımdan torpaqların işğaldan azad edilməsi, Azərbaycana iqtisadi cəhətdən çox böyük həcmdə və prespektivdə inkişaf vəd edir. Bizim ora investisiya yatırmağımızla və bu sahələrin iqtisadiyyata cəlb olunması, düşünürəm ki, Azərbaycana milyardlarla gəlir gətirəcək ki, bu da iqtisadiyyatımızın inkişafı üçün mühüm gəlir mənbəyidir”.
Mahir Xəttab \ Redaktor.az