Fransa mallarına boykot: Kim daha çox ziyan edəcək?

 21:27 27.10.2020     478

“Türkiyənin Fransaya, Ərdoğanın Makrona etirazı, arqumentli tənqidi anlaşılandır, amma həm də ziyanlıdır”.

Bu sözləri Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, Fransa mallarını boykota çağırmağın məntiqsizlik olduğunu bildirib:

“Son iki ildə Türkiyə Fransaya aldığından daha çox mal satır: 2019-cu ildə Türkiyə Fransaya 7,9 mlrd. dollarlıq mal satıb, Fransadan isə 6,8 mlrd. dollarlıq mal alıb. Türkiyə bu ticarətdə 1,1 mlrd. dollar qazanıb. Bu, Türkiyədə yüzminlərlə iş yeri deməkdir.

Bu ilin ilk 8 ayında Türkiyə Fransaya 4,2 mlrd. dollarlıq mal satıb, 3,9 mlrd. dollarlıq isə mal alıb. Müsbət saldo yenə Türkiyənin xeyrinədir, 300 mln. dollar qazanc var.

Belə vəziyyətdə qarşılıqlı boykot kimə xeyir verə bilər? Hesab edirəm ki, haqlı mövqelərin hüquqi və siyasi müdafiəsi daha məntiqli və doğrudur”.

Ekspert ölkəmizdə Fransa mallarına boykot çağırışlarına da münasibət bildirib:

“Boykota bizdə də çağırışlar var. Bunun da məntiqi və məzmunu yoxdur. Fransa üçün bizim - Azərbaycanın aldığı mal ixracatının 0,01%-i də deyil. Biz isə onlara bu ilin ilk 9 ayında 56 mln. dollarlıq mal satmışıq. Bu bizim üçün heç də az deyil. Ən çox aldığımız mallardan biri avtomobillərdir, o da Fransa malı olsa da, Türkiyədə istehsal olunur.

Bir sözlə, Türkiyə bizim üçün arxadır, dayaqdır, qardaşdır, özəl ölkədir, ikinci vətəndir, amma həmişə qardaş qardaşa sözün düzünü deməli, nəyin səhv, nəyin doğru olduğu haqqında açıq danışmalıdır”.

Mahir Xəttab \ Redaktor.az