Bayden prezident seçilərsə, neftin qiyməti... - EKSPERT RƏYİ

 11:08 07.11.2020     1668

“Hazırda dünya birjalarında neftin düşməsinin bir neçə səbəbi var. Bu səbəblərdən bir də pandemiyanın yenidən baş qaldırmasıdır”.

Bu sözləri Redaktor.az-a iqtisadçı ekspert Natiq Cəfərli neftin ucuzlaşması ilə bağlı danışarkən deyib.

 Ekspert ABŞ Prezidentliyinə namizəd Co Baydenin prezident seçiləcəyi təqdirdə uzun müddət neft qiymətlərinin aşağı olacağını bildirib:

“ABŞ-da Co Baydenin prezident seçilməsi neftin qiymətinə ciddi təsir edəcək. Çünki belə bir ehtimal var ki, Bayden prezident seçilərsə, o, yanvar ayından İranla münasibətləri düzəltməyə çalışacaq. Yəni, İranla danışıqlarda yeni mərhələnin açılması və sanksiyaların aradan qaldırılması ola bilər. Bu da İran neftinin yenidən dünya bazarlarına çıxma ehtimalını yüksəldir. Çünki bazarda neft nə qədər bol olarsa, qiymətlər də bir o qədər aşağı olur.

Həmçinin, Baydenin siyasəti “yaşıl iqtisadiyyat”ın üzərində qurulub. Yəni, bərpa olunan enerji, yaşıl iqtisadiyyata təşviq paketləri və s. Bütün bunlar da neftin qiymətinə təsir edəcək. Bir sözlə, əgər Co Bayden ABŞ prezidenti seçilərsə, neftin qiyməti uzun müddət aşağı səviyyədə qalacaq”.

Mahir Xəttab\ Redaktor.az