“Ukrtransnafta”nın SOCAR-dan aldığı Azərbaycan nefti satılıb

 06:54 14.11.2020     70

Ukraynanın “Ukrtransnafta” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Trading” şirkətindən aprel ayında alınmış 180 min ton Azərbaycan neftinin satışı ilə bağlı müqavilə imzalayıb.

Redaktor.az-ın verdiyi məlumata görə, bu həcmdə olan neft “Pivdennıy” limanına gətirilərək boşaldılıb.

Qeyd edilir ki, 80 min ton neft Böyük Britaniyanın “BNK (UK) Limited” törəmə şirkəti olan “Belarus Neft Şirkəti”nə çatdırılacaq və daha sonradan boru kəmərləri vasitəsilə Mozır neft emalı zavoduna nəql ediləcək.

Daha 90 min Azərbaycan nefti Sinqapurun “Trafigura Pte Ltd” şirkətinə satılıb.

Bundan başqa, 10 min ton Azərbaycan nefti Ukraynanın Energetika Birjasındakı elektron hərraclarda “Ukrqazdobıça” şirkəti tərəfindən alınıb. Bu həcmdə Azərbaycan nefti “Ukrtransnafta” şirkətinin Kremençuq neft emalı zavoduna nəql ediləcək.

Xatırladaq ki, “Naftoqaz” aprel ayının əvvəlində SOCAR-ın törəməsi olan “SOCAR Trading” şirkəti ilə hər biri 700 min barel olan iki tanker “Azeri Light” markalı neft partiyasının alınması ilə bağlı razılığa gəlib. Bu neft partiyaları “Pivdennıy” limanına çatdırılacaq. Alışın qiyməti rəsmi olaraq açıqlanmır. //Report