Karantin sərtləşdirilir: İqtisadiyyata necə təsir edəcək? - EKSPERT RƏYİ

 11:12 25.11.2020     611

“Son bir ay ərzində ölkədə virusa yoluxanların sayında artım dinamikasının kəskin artması karantin rejiminin yenidən sərtləşməsinə gətirib çıxardı. İstənilən halda həftəsonları qapanmalar iqtisadiyyata təsir edəcək”.

Bu sözləri Redaktor.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, azad olunan ərazilərdə minalardan təmizlənmə və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq:

“Əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15% artacaqsa, deməli, gələn il Neft Fondundan 4-5 mlrd. əlavə pul götürülməlidir, yəni Fonddan azı 17 mlrd. manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 mlrd. dollar edir. 2021-ci ildə Fond ən yaxşı halda 8 mlrd. manat qazanacaq. Deməli, Fondun 2021-ci il kəsri 9 mlrd. manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü Fondun üzərinə yıxsaq, bu, dayanaqlı model olmayacaq.

Yüngül devalvasiyaya gedib (15-20%) Fondun dollar ehtiyatlarına bir az qənaət etmək lazımdır. Paralel olaraq ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır. Başqa yol görmürəm. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas lokomotivinə çevirməliyik. Bunun üçün isə tək Neft Fondu kifayət deyil”.

İqtisadçı həftəsonu karantin rejiminin sərtləşdirilməsinin ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini və bu ilin sonuna qədər ÜDM 4-4.5% azala biləcəyini bildirib.

Mahir Xəttab \ Redaktor.az