Qızıl yataqlarının istismara veriləcəyi tarix açıqlanıb

 12:58 25.11.2020     315

Daşkəsən rayonunda yerləşən “Ağyoxuş”, növbəti ildə “Mərəh”, 2022-ci ildə isə “Tülallar” qızıl yatağının və “Çovdar” qızıl yatağının yeraltı fazasının istismara verilməsi nəzərdə tutulur.

Bu barədə Redaktor.az-a “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. 

Bildirilib ki, Avropanın ən iri polimetal yataqlarından biri hesab edilən “Filizçay” layihəsinin icrasının optimallaşdırılması nəticəsində yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən iki il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq.

Bununla yanaşı, müvafiq olaraq Şəmkir və Gədəbəy rayonlarının ərazisində yerləşən “Qaradağ”, “Xar-xar” və “Cəyirçay” mis yataqlarının 2026, Balakəndə yerləşən digər polimetal yatağı olan “Mazımçay”ın isə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edilən yataqların istismara verilmə təqvimi ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilib.

Təhlillərin növbəti mərhələsinin nəticələrinə uyğun olaraq gələn ilin ortalarında adları çəkilən yataqların cari plandan daha tez istifadəyə verilməsi barədə qərarın qəbul edilməsi istisna olunmur.