""Azərsu" zərərini xalqın pulu ilə ödəməyə çalışır" - EKSPERT RƏYİ
Xəbər verdiyimiz kimi, yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
İclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
Suyun qiymətinin artımı sosial şəbəkələrdə sərt tənqid olunub.
Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli “Azərsu”ASC-nin qiymətləri birdən-birə 100 faiz artırmasının vətəndaşlar üçün maddi sıxıntılar yaradacağını bildirib:
“”Azərsu” qiymət artımı etməzdən əvvəl xərclərin azaldılması ilə bağlı qərar qəbul etməli, əgər azaldılmadan sonra yenə də qiymət artımına ehtiyac olardısa, əvvəlcə bunun izahını verməli, daha sonra 100 faiz yox, 20-30 faiz artım edə bilərdi.
Ümumiyyətlə, ASC suyun maya dəyərini necə hesablayır? Nəyə əsasən deyir ki, suyun maya dəyəri yüksəkdir? Çünki bütün infrastruktur dövlət hesabına qurulur, qurum öz hesabından heç bir xərc çəkmir. Məsələn, Oğuz-Qəbələ-Bakı su kəmərini Dövlət Neft Fondundan ayrılan vəsait hesabını tikib. Orada da nə nasosdan, nə də elektrik enerjisindən istifadə olunur. Sadəcə relyefin üstünlüklərindən istifadə edərək, yuxarıdan aşağı özü axıb gəlir. Burada nə maya dəyəri artıb ki, suyun qiymətini bahalaşdırırlar? Bu baxımdan, hesab edirəm ki, qiymət artımı əsassızdır. ASC sadəcə öz ziyanlarını dövlətin və xalqın hesabına bağlamağa çalışır”.
Mahir Xəttab \ Redaktor.az