Azərbaycanda bal idxalı artıb

 15:44 22.02.2021     74

Ötən il Azərbaycana 479,15 min. ABŞ dolları dəyərində 122,67 ton təbii bal idxal edilib.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2019-cu illə müqayisədə dəyər ifadəsində 2,2% azalıb, həcm ifadəsində isə 12% artıb.

Dəyər ifadəsində ən çox bal idxalı Türkiyədən olunub. Belə ki, bu ölkə hesabat dövründə Azərbaycana 175,25 min. dollar dəyərində 31,43 ton təbii bal ixrac edib ki, bu da bir il öncəki göstəricidən müvafiq olaraq 5,5% və 11,3% azdır.

Dəyər ifadəsində ikinci ölkə isə Rusiya olub. Bu ölkədən 2020-ci il ərzində Azərbaycana 134,39 min. dollarlıq 27,31 ton bal tədarük edilib. Bu göstərici dəyər baxımından 21,7%, həcm baxımından isə 25,7% azalıb.

Üçüncü yerdə olan İrandan isə ölkəyə 113,83 min. dollar (4,7 dəfə çox) dəyərində 56,37 ton (6 dəfəyədək çox) bal göndərilib.

Qeyd edək ki, hesabat dövründə ümumilikdə Azərbaycana 15 ölkədən təbii bal idxal olunub.

Ötən il ərzində Azərbaycandan 5,61 min dollar dəyərində 0,29 ton təbii bal ixrac edilib ki, bu da 2019-cu ilin göstəricisindən 83,4% və 75,8% azdır.