“Qobu” enerji layihəsi üzrə kadr hazırlığı aparılır

 19:06 01.03.2021     186

Qobu qəsəbəsi ərazisində inşa olunan 385 meqavatlıq “Qobu” elektrik stansiyası və 330/220/110 kilovoltluq eyniadlı yarımstansiyanın tikintisi uğurla davam etdirilir. Bununla paralel olaraq kadr məsələlərini həmişə xüsusi diqqətdə saxlayan “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Qobu” enerji layihəsi üzrə kadr hazırlığını da həyata keçirir.

Redaktor.az bildirir ki, ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi məlumata görə, bu məqsədlə “Azərenerji”yə təqdim edilən CV-müraciətlər çeşidləndikdən sonra İşə Qəbul Komissiyası namizədlərin bilik səviyyəsini yoxlamaq məqsədilə yoxlama-sınaq imtahanı keçirib.

Komissiyadan müvəffəqiyyətlə keçən namizədlər “Azərenerji”nin Tədris Mərkəzində seçdikləri istiqamət üzrə ixtisas kurslarında nəzəri biliklərə yiyələniblər. Sonra gənc mütəxəssislər “Qobu” enerji layihəsinin montajında iştirak ediblər, eyni zamanda, “Səngəçal” elektrik stansiyasında istehsalat təcrübəsi toplayıblar. “Qobu” enerji layihəsi üzrə yüksək səviyyəli kadr hazırlığı tikinti işləri yekunlaşanadək davam etdiriləcək.

“Qobu” Elektrik Stansiyası və “Qobu” yarımstansiyasının istismarında iştirak edəcək gənc energetiklərin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Texniki Universitetinin məzunları olduğunu vurğulayan T.Abdullayev qeyd edib ki, “Azərenerji” ASC ilə ali məktəblər arasında əməkdaşlıq əlaqələri getdikcə genişləndirilir. Bu tədris ocaqlarının yuxarı kurs tələbələri ASC-nin müxtəlif müəssisələrində mütəmadi olaraq geniş istehsalat təcrübəsi keçirlər.

T.Abdullayev onu da bildirib ki, “Qobu” enerji layihəsi ölkə enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlığını maksimum səviyyəyə çatdırmaq, ölkə üzrə artan tələbatı qarşılamaq, regionlardakı elektrik stansiyalarının Bakıya yönələn yükünü azaldıb əyalətlərə sərf edilməsi baxımından müstəsna rola malik olacaq.

Yaradılan yeni mənbə Abşeron enerji sistemində tənzimləyici generasiya gücü funksiyasını daşıyacaq. “Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacaq və ən əsası ölkənin ən strateji yarımstansiyası olan 500 kilovoltluq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq.

Artıq elektrik stansiyası və yarımstansiyada işlərin çox hissəsi görülüb və nəzərdə tutulan vaxtdan bir qədər də tez – bu il ərzində nəhəng enerji obyektinin istismara verilməsi nəzərdə tutulub. //Qafqazinfo

22