İpoteka kreditlərinin məbləği iki dəfə artıb

 18:44 29.03.2021     89

Banklar tərəfindən 57,7 milyon manat həcmində ipoteka krediti verilib.

Redaktor.az-ın məlumatına əsasən, fevral ayının sonuna vətəndaşların əldə etdiyi ipoteka kreditlərinin həcmi 2020-ci ilin eyni dövrü (26,5 milyon manat) ilə müqayisədə 2,2 dəfəyə qədər artıb.

Müvafiq dövr ərzində İpoteka və Kredit Zəmanət Fonduna dövlət tərəfindən 17,8 milyon manat vəsait ayrılıb ki, bu rəqəm ötən ilin göstəricilərinə nəzərən sabit qalıb.

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 40,2 milyon manat olub. 2020-ci ilin fevral ayının sonuna olan göstəricilərlə (11,3 milyon manat) müqayisədə yenidən maliyyələşdirilən kreditlərin həcmi 3,6 dəfə artıb.

İlin əvvəlində də olduğu kimi faiz dərəcəsi 6,34 səviyyəsində saxlanılıb. Aylıq ödənişlərin həcmi isə yanvar ayı ilə müqayisədə (370,2 manat) artaraq 372,8 manat həcmində müəyyənləşib.