AYİB-in Azərbaycan üzrə aktiv portfeli böyüyüb

 16:22 22.04.2021     254

Bu ilin martın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,201 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (yanvarın 31-i) ilə müqayisədə 4,2% artıb. Aktiv layihələrin sayı isə 34-dən 35-ə yüksəlib.

Bu barədə Redaktor.az-a AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 78%-ni (939 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 20%-ni (240 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 2%-ni (21 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi 3,9% artaraq 1,059 mlrd. avroya yüksəlib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 175 layihə üzrə 3,189 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 84,2%-i (2,684 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 22%-i özəl sektorun payına düşüb.

Xatırladaq ki, təkcə 2020-ci ildə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.