Azərbaycan Çində növbəti ticarət evini açıb - FOTO

Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanın Çindəki Səfirliyində Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə bu ölkənin Sindao şəhərində “Azərbaycan Ticarət Evi” açılıb.
Redaktor.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar keçirilmiş tədbirdə Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, ticarət nümayəndəsi Teymur Nadiroğlu, Çin tərəfdən isə Sindao Şəhər Hökumətinin Daimi Komitəsinin üzvü Lyu Ciəncün iştirak edib.
Sindao şəhərində yerləşən Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Nümayişi Zonasında 245 kvadrat metr sahədə yerləşən “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal olunan 45 növ məhsul nümayiş olunur, Azərbaycanın investisiya, nəqliyyat-tranzit və turizm potensialı təqdim edilir.
Bu, Azərbaycanın Çində açılan 3-cü “Azərbaycan Ticarət Evi”dir.







