Azərbaycanın qeyri-neft ixracı artıb

 10:16 29.04.2021     64

Bu ilin birinci rübü ərzində Azərbaycanın ixracı 4,1 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 501,5 mln. dollar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 70,6 mln. dolları və ya 16,4% artıb.

Qeyri-neft sektorunun Azərbaycanın ixracında payı ötən ilin müvafiq rübü ilə müqayisədə 2 faiz bəndi artaraq 12,1% olub. Bu dövr ərzində qeyri-neft məhsullarının ixracı üzrə 393 mal mövqeyi müəyyənləşdirilib ki, bu da mal və məhsulların diversifikasiyası nöqteyi-nəzərdən Cənubi Qafqaz ölkələri üzrə ən yüksək göstəricidir.

2021-ci ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub. Bu siyahıda qızıl ikinci, xurma isə üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin birinci rübü ərzində Türkiyəyə 163,1 mln. dollar, Rusiyaya 129,8 mln. dollar, İsveçrəyə 44,7 mln. dollar, Gürcüstana 38 mln. dollar və ABŞ-a 18,3 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 170 mln. dollar təşkil edib. 2021-ci ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (56,2 mln. dollar) liderliyini qoruyub. Bu siyahıda Rusiya ikinci (44,3 mln. dollar) və Gürcüstan üçüncü ( 9,7 mln. dollar) olub.

2021-ci ilin mart ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (31,4 mln. dollar) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (13,7 mln. dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (9,7 mln. dollar) üçüncü olub.

Hesabat rübü ərzində meyvə-tərəvəz ixracı 97,2 mln. dollar, pambıq lifi ixracı 69 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 42,4 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,2 mln. dollar, pambıq ipliyi ixracı 10,3 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 9 mln. dollar, şəkər ixracı 9 mln. dollar, heyvan mənşəli piylər və yağlar ixracı 8,4 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 3,4 mln. dollar, bitki və çay ixracı 2 mln. dollar təşkil edib. Qeyd edilən mal və məhsullar qeyri-neft ixracının 45%-i təşkil edir. Bu göstərici qeyri-neft ixracının artımı fonunda mal və məhsulların ötən illərlə müqayisədə daha çox diversifikasiya olunmasını özündə ehtiva edir.