Qəbələdə əmək yarmarkası keçiriləcək

 12:17 03.05.2021     78

Mayın 4-də Qəbələ şəhərində "Karyera və iş yarmarkası" keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunacaq tədbirdə Qəbələdə fəaliyyət göstərən turizm şirkətləri tərəfindən mövcud vakansiyalar haqqında məlumat veriləcək, iş yerləri təklif olunacaq.

Gənclərin məşğulluğunun təmin olunması məqsədilə keçirilən tədbir sonuncu kurs tələbələrinə və işsiz gənclərə açıqdır.

Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil ediləcək.

"Karyera və iş yarmarkası" Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və "Gabala Hospitality Group" ilə birgə əməkdaşlığı çərçivəsində keçiriləcək.