Azərbaycanda banklarla bağlı VACİB XƏBƏR - YENİLİK EDİLƏ BİLƏR...
Bankomatlarda nağdlaşdırma əməliyyatı zamanı banklar müştərilərindən yüksək məbləğdə komissiya haqqı tutur. Nağdlaşdırılan vəsaitin həcmindən asılı olaraq komissiyanın məbləği də artır. Azərbaycandan fərqli olaraq qonşu Türkiyə və Gürcüstan artıq bu "ənənə"dən imtina edib.
Azərbaycanda bu təcrübəni yaratmaq üçün hansı addımların atılmasına ehtiyac var?
İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramlı Redaktor.az-a açıqlamasında bildirib ki, mövcud qaydalara əsasən plastik kart vasitəsi ilə banklar öz bankomatından vəsait nağdlaşdırdığı zaman komisiyya haqqı tutmur. Digər bankların bankomatından vəsait çıxarılsa, müəyyən faiz formasında vəsait tutur:
“İnkişaf etmiş ölkələrdə fərqli praktika var, Məsələn, bəzi ölkələrdə banklar öz aralarında razılığa gəliblər, komissiya haqqı tutmurlar".
Deputatın sözlərinə görə, Türkiyədə də bütün bankların birgə bankomatları var:
"Ümumi sayılan bu bankomatlardan pul çıxararkən isə heç bir faiz tutulmur. Artıq Gürcüstanda da banklar arasında bu sistemə keçidlə bağlı razılıq əldə olunub. Burada müştəri öz bankının bankomatından pul çıxararkən ondan ümumiyyətlə pul çıxılmır. Başqa bank müştərisi pul çəkərkən isə onun vəsaitindən 0,6 faiz tutulur. Artıq bu faizi tamamilə ləğv etmək haqda banklar razılığa gəliblər.
Azərbaycanda da yaxşı olardı ki, kommersiya bankları bankomatlardan vəsait çıxarılan zaman komissiya haqqının tutulmaması və ya cuzi miqdarda tutulması barədə razılıq əldə etsinlər. Bu, birbaşa kommersiya banklarının birgə razılaşmasından asılı olan bir məsələdir.
Əgər nəzərə alsaq ki, bəzi bankların bankomatları azdır, bu da vətəndaşlar üçün narahatlıq yaradır. Daha yaxşı olardı ki, bank müştəriləri onlara yaxın olan bankomatlardan vəsait çıxara bilsinlər”.
Aysel Hacıyeva / Redaktor.az