Azərbaycanda nağd dollar alışı dördillik minimuma enib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisi banklardan 756,216 mln. nağd ABŞ dolları alıb. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azdır.
Redaktor.az-ın xəbərinə görə, təkcə apreldə əhali 129,964 mln. nağd dollar alıb ki, bu da mart ayı ilə müqayisədə 2,6 % azdır. Qeyd edək ki, sözügedən göstərici 2017-ci ilin iyun ayından (94,487 mln. dollar) bəri qeydə alınan ən aşağı aylıq göstəricidir.
Bundan başqa, cari ilin yanvar-aprel aylarında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 461,340 mln. dollar təşkil edib, bu da illik ifadədə 19,8 % çoxdur. Təkcə aprel ayında banklar əhalidən 130,628 mln. nağd dollar alıb, bu da illik müqayisədə 8,3 % çoxdur. //APA