Avtobusda gediş haqqı artırılacaq - YENİ BAHALAŞMA DALĞASI

 09:26 02.07.2021     306

Tarif Şurasının təbii qazın qiymətinin bahalaşması ilə bağlı son qərarından sonra əhali arasında müəyyən narahatlıq yaranıb. Bu da təbii haldır. Çünki hər dəfə Tarif Şurasının qərarları ölkədə müxtəlif mal və xidmətlərin bahalaşmasına gətirib çıxarır.

Bəs görəsən bu dəfə də qiymət artımı gözlənilirmi? Hansı məhsulların qiyməti arta bilər?

İqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a bildirib ki, yaxın aylarda əhali qrupu üzrə elektrik enerjisinin qiymətinin artacağını ehtimal edir:

“Əsas məqamlardan biri odur ki, Azərbaycanda modul tipli qaz-elektrik stansiyaları üstünlük təşkil edir. Onların elektrik enerjisi istehsal etməsi üçün satılan qazın qiymətində də dəyişiklik edildi. İlkin baxışdan bir qəpik qiymət artımı o qədər də böyük görünməsə də, burada söhbət 100 milyonlarla kubmetr qazın istehlakından gedir. Yəni, orada istiafdə edilən qazın həcmi kifayət qədər böyükdür. Bu da elektrik enerjisinin maya dəyərinə mütləq təsir edəcək. Yaxın aylarda elektrik enerjisinin qiyməti  ilə bağlı analoji qərarın çıxma ehtimalı kifayət qədər yüksəkdir.

Ticarət və iaşə obyektlərində istifadə olunan qazın qiymətinin 5 qəpik artımı nəzərdə tutulub. Bu da həmin obyketlərdə mal və xidmətlərin maya dəyərinin yüksəlməsinə səbəb olacaq”.

N.Cəfərli bildirib ki, ilin sonuna kimi nəqliyyat və sərnişindaşıma sahəsində də qiymətlər bahalaşa bilər:

“Dərmanların qiyməti tənzimlənən qiymət növünə aiddir. Lakin dünən 230-dan çox dərman növünün qiymətində dəyişiklik edilib. Bu sahədə də nəzərə çarpacaq qiymət artımı müşahidə olunur. Ərzaq məhsulları isə tənzimlənməyən qiymət növünə aiddir. Dövlətin bu məsələ birbaşa müdaxiləsi yoxdur. Amma Azərbaycanda yanvar ayında dizel yanacağının qiymətinin 34 faiz artmasının bütün sahələrə təsir edəcəyi bəlli idi. Mart ayından başlayaraq ərzağın qiymətindəki bahalaşma tendensiyası xeyli sürətlənib. Rəsmi rəqəmlərə görə, Azərbaycanda ərzaq inflyasiyası 5 faizə çatıb. Reallıqda isə ərzaq inflyasiyasının ikirəqəmli həddə çatdığını düşünürəm. Bu baxımdan ərzaq qiymətlərinin bahalaşması davam edəcək. Yay mövsümü ilə bağlı olaraq aqrar məhsulların qiymətində ciddi artım olmayacaq. Lakin noyabrdan sonra daha kəskin qiymət artımı dalğasını yaşaya bilərik”.

Şəbnəm Mehdizadə