AÖS: 97 milyon manatlıq ödəniş həyata keçirilib

 12:40 04.08.2021     1404

2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə 2021-ci ilin altı ayı ərzində həyata keçirilən ödənişlərin sayı 37 min ədəd, həcmi isə 97 milyon manat olub.

Redaktor.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, sistemin “AniPay” mobil tətbiqinin funksionallığının genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Belə ki, cari ildə AÖS platformasında “QR kod” nağdsız ödəniş imkanı yaradılıb. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir. Xüsusilə pandemiya şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün “QR kod” ödəniş üsulundan istifadə daha effektiv hesab olunur.