Bakı-Novorossiysk kəməri ilə neft nəqli kəskin artıb

 15:28 25.08.2021     83

Bu ilin birinci yarısında Dübəndi-Sumqayıt-Siyəzən-Şirvanovka boru kəməri (Bakı-Novorossiysk neft kəmərinin Azərbaycanda ki olan hissəsi) vasitəsi ilə 1 090,2 min ton neft nəql edilib, bu da illik müqayisədə 66,4% çoxdur.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, 2020-ci ilin müvafiq dövründə sözügedən kəmərlə 655 min ton neft nəql edilib.

Məlumata görə, ötən ilin nəticələrinə görə bu göstərici 1 336,1 min ton təşkil edib, bu da illik müqayisədə 7,9% azalma deməkdir.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri ilə SOCAR öz gücü ilə hasil edilən nefti ixrac edir.

Xatırladaq ki, şimal istiqamətində çəkilən Bakı-Novorossiysk neft kəmərinin uzunluğu 1330 kilometrdir. Boru kəmərinin diametri 530 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur. Borunun neftlə doldurulmasına 1996-cı ilin oktyabrında başlanılıb. Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir.

Bakı-Novorossiysk neft kəmərinin 3 nasos stansiyası (Səngəçal, Sumqayıt və Siyəzən) var. Kəmərin ölçmə stansiyası Şirvanovkada yerləşir.