Rəqabət Məcəlləsinin bəxti nə vaxt açılacaq? - Deputat da bilmir

 14:41 09.09.2021     564

Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun rəqabət mühitinin formalaşması üçün Rəqabət Məcəlləsinin qəbuluna ehtiyac var.

Redaktor.az xəbər verir ki, 2019-cu ildə Prezident İlham Əliyevin sahibkarlığın inkişafı sahəsində əlavə tədbirlərlə bağlı sərəncamında Rəqabət Məcəlləsinin hazırlanmasına dair hökumətə tapşırıq verilib. Lakin hələ də sözügedən qanun qəbul edilməyib.

Milli Məclisin payız sesissiyasında Rəqabət Məcəlləsinin müzakirəsi gözlənilirmi? Ümumiyyətlə, bu qanunda nələr yer alacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, Rəqabət Məcəlləsinin hazırlanması və qəbulu uzun müddətdir müzakirə edilən məsələlərdəndi. Lakin sənədin Milli Məclisdə nə zaman müzakirə ediləcəyi bilinmir:

"Hətta əvvəlki dövrlərdə parlamentdə Rəqabət Məcəlləsinin müzakirəsi həyata keçirilib. Rəqabət Məcəlləsi vacib bir sənəddir. Bu məcəllənin qəbulunun bazara və bütövlükdə ölkə iqtisadiyyatında rəqabətin formalaşmasına və müdafiəsinə təsirləri xüsusi qiymətləndirilməlidir. O baxımdan Rəqabət Məcəlləsinin hazırlanması və qəbulu məqsədəuyğundur. Bazarda rəqabətin qorunması və bütövlükdə tam rəqabətin müdafiə edilməsi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə də uyğundur".

Deputat bildirib ki, Rəqabət Məcəlləsinin qəbulu nəticə etibarı ilə Azərbaycan üçün, xüsusən də sahibkarlar üçün rəqabət baxımından yeni imkanlardır:

"Bu, bazara çıxış, bazarda rəqabət imkanlarını artıracaq. Xalis rəqabət bir tərəfdən sahibkarların gəlirliliyinə təsir göstərəcək, eyni zamanda istehlak bazarındakı qiymətlərə təsir göstərən faktorlardan biridir. Bu baxımdan, sözügedən Məcəllənin qəbulu və icrası sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və xüsusən kiçik və orta müəssisələrin inkişafı baxımından yeni imkanlar açacaq. Bu, nəticədə azad sahibkarlığın daha da inkişafına xüsusi töhfə verəcək".

Oral Mədənçi / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən