Ekspert benzinin bahalaşmasının əsl səbəbini AÇIQLADI

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda “Aİ-95” ("Premium") və “Aİ-98” ("Super") markalı benzinin qiymətləri bahalaşıb. Belə ki, “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1,45 manatdan 1,6 manata, “Aİ-98” markalı benzinin qiyməti isə 1,6 manatdan 1,9 manata qədər yüksəlib.
SOCAR-ın rəsmi açıqlamasında bildirilib ki, bahalaşma idxal olunan ölkədə qiymət artımı ilə əlaqədardır.
Bəs nə üçün neft ölkəsi olan Azərbaycanda bu markalı benzinlər istehsal olunmur?
İqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a açıqlamasında bildirib ki, bu markalı benzinlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir, sərbəst bazarda formalaşmalıdır:
"Lakin bu da baş vermir. Həmin benzinlərin Azərbaycana gətirilərək, pərakəndə satışını yalnız bir şirkət həyata keçirdiyi üçün istədikləri kimi qiyməti qaldıra bilirlər. Bu markalı benzinlərin dövlət tənzimlənmə mexanizləri də yoxdur. Sabah, 5 gün sonra yenidən neftin qiymətinin bahalaşmasını bəhanə gətirərək, qiymətləri qaldıra bilərlər.
Ölkədə başqa şirkətlər, rəqabətli mühit, xaricdən gələn onlarla şirkətin daxili bazarda rəqabətini görsəydik, bəlkə də belə sürətli qiymət artımını müşahidə etməzdik”.
Qeyd edək ki, "Aİ-95" və “Aİ-98” markalı benzinin Azərbaycana idxalçısı SOCAR-ın törəmə şirkətləridir.
Oral Mədənçi / Redaktor.az