Azərbaycanda ərzağın qiyməti niyə sürətlə qalxır?

 12:20 23.09.2021     807

Azərbaycanda son günlər ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. 

Cari ilin ilk 7 ayı ərzində keçən illə müqayisədə ərzaq məhsullarının qiyməti ortalama olaraq 5.1 faiz həcmində artıb. Buna paralel olaraq tütün məhsullarının qiyməti də təqribi olaraq 6 faiz həcmində bahalaşıb. 

İqtisadçı ekspert Elmir Səfərli Redaktor.az-a bildirib ki, bu proseslər bütovlükdə ölkə üzrə inflyasiyaya təsir edir:

"Ərzaq məhsullarının bahalaşması bir çox səbəblərdən baş verə bilər. Birinci onu vurğulamaq lazımdır ki, dünya səviyyəsində qlobal ərzaq məhsulları ticarətində son 7 ilin ən yüksək qiymətləri müşahidə olunmaqdadır. Hətta bunu BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı öz hesabatında qeyd edib. Bu baxımdan idxala bağlı olan ölkələr ərzaq məhsullarının qiymətinin qalxmağından təsirlənirlər. Eləcə də, Azərbaycanda ərzaq məhsullarının son 7 ayda durmadan artmağı birbaşa olaraq idxal qiymətləri ilə əlaqələndirilə bilər.

İkinci olaraq, son iki ildə dünyada tüğyan edən pandemiya ərzaq məhsullarının ümumi kütlə istehsalında azalmaya səbəb olub. Bu öz növbəsində məhsulun qiymətinə təsir etməkdədir.

Üçüncüsü isə, istər daxili istehsal olan məhsulların, istərsə də idxal olunan məhsulların maya dəyərini formalaşdıran faktorlar əsas alınmalıdır. Bu konteksdə yanacağın qiymətinin son 1 ildə dəfələrlə artması birbaşa məhsulların maya dəyərinin artmasına səbəb olub".

Elmir Səfərli əlavə edib ki, ərzaq məhsullarının qiymətini süni şəkildə artıran sahibkarlar da mövcuddur:

"Dövlət qurumları ərzağın qiymətinin optimallaşdırıması istiqamətində nəzarətedici fəaliyyətlər həyata keçirtməlidir. Buna paralel olaraq daxildə istehsal olunan ərzaq məhsullarının qiymətinin tənzimlənməsi üçün müəyyən təşviqat layihələrinin olması vacibdir".

Oral Mədənçi / Redaktor.az