Qarabağa köçəcək əhaliyə pay torpağı veriləcəkmi? - Komitə sədrindən AÇIQLAMA

 10:42 04.10.2021     1614

44 günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. İllər sonra biz doğma torpaqlarımızı düşmən tapdağından azad etdik. Hazırda həmin ərazilərin böyük bir hissəsində minaların təmizlənməsi prosesi gedir. Bundan sonra quruculuq işlərinin aparılması və məcburi köçkünlərin doğma torpaqlara qayıtması məsələsi durur. Paralel olaraq insanların işlə təmin olunması və öz həllini gözləyən bir çox məsələ var. Əsas məqamlardan biri də işğaldan azad edilmiş ərazilərin vətəndaşlarına pay torpaqlarının verilməsidir. Çünki 1996-cı ildə torpaq islahatları aparılarkən torpaqlarımızın 20 faizi işğal altında idi. Bəs görəsən, işğaldan azad olunan rayonlara köç başladıqda onlara pay torpaqları veriləcəkmi? Bu sahədə hansı işlər görülür və məsələ necə tənzimlənəcək?

Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən Redaktor.az-a bildirildi ki, işğaldan azad olunmuş ərazilərdə pay torpaqlarının verilməsi dövlət başçısının səlahiyyətində olan bir məsələdir:

“Prezident bu barədə fərman verməlidiir. Fərmandan irəli gələn məsələlərədn biri də bu işlə hansı qurumların məşğul olmasıdır. Ölkədə konkret olaraq torpaq islahatı aparacaq səlahiyətli qurum yoxdur”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev isə saytımıza açıqlamasında bildirdi ki, Qarabağa köçəcək heç kim torpaqsız qalmayacaq:

“Vaxtilə Aqrar İslahat Komissiyası yaradıldı. Torpaqların  bölünməsi işinə o qurum nəzarət edirdi. Lakin həmin vaxt torpaqlarımızın 20 faizi işğal altında idi deyə, o ərazilərin sakinlərinə torpaq vermək mümkün olmadı. Lakin bu vətəndaşın hüququdur. Ulu öndər Heydər Əliyev də bu barədə öz tapşırıqlarını verib. İşğaldan azad edilən torpaqlarda da bu proses gedəcək. Torpaq islahatı vacibdir. Hələlik mülkiyyətdə olan torpaqlar dəqiqləşdirilir. Hər bir rayon üzrə icra orqanları siyahı hazırlayır. Dövlət mülkiyyətində olan torpaqlar xüsusi strateji əhəmiyyətli məqsədlər üçün istifadə ediləcək. Əkin-biçin olan pay torpaqları isə əhalinin istifadəsinə verilməlidir. Artıq bununla bağlı işlər görülür. Həmin rayonların əraziləri müəyyəndir. Ancaq həmin ərazilər minalardan təmizləndikdən sonra lazımi işlər görüləcək və heç kim torpaqsız qalmayacaq”.

Komitə sədri bildirib ki, Milli Məclis bu barədə vaxtikən lazımi bütün qanunları qəbul edib: “Bu torpaqların hansı qaydada idarə olunmasına dair müvafiq qanunlar qəbul edilib. Dövlət mülkiyyətində və mülkiyyətdə olan torpaqlarla bağlı dövlətin siyasəti var. Bu barədə əsasnamələr də var. Ola bilsin ki, torpaqların təyinatını dəyişmək məsləsi gündəmə gəlsin. Həmin vaxt müəyyən qərarlar verilə bilər”.

Qeyd edək ki,rəsmi məlumatlara görə, 1996-cı ildə başlamış torpaq islahatı nəticəsində 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, pay torpağı şəklində əhaliyə paylanıb. İşğal altındakı rayonlar istisna olmaqla ölkədə torpaq payı almaq hüququ olan 873 min 618 ailədən 869 min 268-nə torpaq payı verilib. Bu isə 3 milyon 442 min 778 subyekt deməkdir.

Şəbnəm Mehdizadə