İran-Azərbaycan gərginliyi iqtisadi münasibətlərə necə təsir edəcək? - AÇIQLAMA

 14:02 06.10.2021     588

İranla Azərbaycan arasında yaşanan gərginlik səngimək bilmr. Son günlər İranın müxtəlif rəsmi şəxsləri Azərbaycanı açıq-aşkar təhdid edir. Bəs görəsən, bu gərginlik uzun müddət davam edərsə, ölkələr arasında iqtisadi əlaqələrə necə təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danşan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq normal münasibətlər səviyyəsindədir:

“Biz İranla beynəlxalq layihələrdə birgə iştirak edirik. İran rəsmiləri Azərbaycanı Qarabağa İsrail hərbçilərinin gətirilməsində günahlandırır. Bütün bunlar əsassız ittihamlardır. Prezident İlham Əliyev Cəbrayıla səfərində də qeyd etdi ki, Azərbaycan müstəqil dövlətdir və əməkdaşlıq edəcəyi özü dövlətləri özü seçir. 30 il ərzində biz İrana Ermənistanla əməkdaşlıq etməsinə heç bir etiraz etmədik. İran Erməsnitanla əməkdaşlığına hələ də davam edir. O cümlədən Azərbaycanla İsrail arasında əməkdaşlıq davam edir. Azərbaycan ərazisinə üçüncü dövlətin nümayəndələrinin gətirilməsi və yerləşdirilməsi həqiqəti əks etdirmir. Azərbaycanı real olmayan bir məsələdə ittiham etmək olmaz. Əsassız hər bir ittiahma dövlətimiz öz cavabını verəcək. İranın narazılığına gəlincə isə Vətən müharibəsindən sonra İranla Ermənistan münasibətlərində çətinliklər yaranıb. Gorus-Qafan yolu Azərbaycanın nəzarətindədir və onlar orada istədiklərini edə bilmir. Bu da gərginliyin yaranmasına səbəb olub. Düşünürəm ki, zaman keçdikcə İran və Ermənistan bu həqiqəti qəbul edəcək. Burada alternativ yoxdur”.

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycan regionda İranın əsas ticarət tərfdaşlarından birdir:

“İran və Azərbaycan arasında ticarət prosesinin iştirakçıları əsasən fiziki şəxslər, Naxçıvanla və eyni zamanda Azərbaycanın cənub zonasında sərhəd bölgəsində yaşayan əhalidir. Pandemiya dövründə bu ticrət fəaliyyəti dayandı. Azərbaycan əhalisi pandemiyadan əvvəl İranda təklif olunan məhsul və xidmətlərdən geniş istifadə edirdi. Bu gün pandemiya olmasa idi münasibətlərin gərginləşməsi hansısa formada vətəndaşlarla davranışda da öz əksini tapa bilərdi. Lakin Azərbaycan hələ də regionda İranın əsas ticarət tərfdaşlarından birdir”.

Ekspet bidlirib ki, İranlı investorlar azad edilmiş ərazilərə böyük maraq göstərir:

“Cənubi Qafqaz ölkələri arasında ən böyük idxalçı Azərbaycandır. İki ölkə arasında 500 milyon ABŞ dolları dəyərində ticarət dövriyyəsi var. Bunun 70 faizi İrandan göndərilən məhsul və xidmətlərin payına düşür. Həmçinin, İran Azərbaycanın əsas turizm tərəfdşlarından biri hesab olunur. Lakin pandemiya bu prosesə də ciddi təsir edib. İki dövlət arasında sazişlər çərçivəsində müxtəlif layihələr icra olunur. Xüsusilə dəmiryolu nəqliyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı Azərbaycan İranda bəzi layihələri kreditləşdirir. Siyasi arenada yaşanan gərginlik, bu sahədə müəyyən gecikmələr yaradacağı ehtimal edilir. Ümid edirik ki, siyasi münasibətlərdəki gərginlik ən qısa müddətdə aradan qalxacaq və iqtisadi münasibətlərin və investisiya axınının qarşısında əsas maneə olmayacaq. İranlı investorlar azad edilmiş ərazilərə böyük maraq göstərir. Azərbaycan da öz növbəsində o ərazilərə böyük investisiyaların yatırılmasında maraqlıdır. Siyasi gərginlik ən qısa müddətdə başa çatmalıdır ki, bu sahədə əməkdaşlıq imkanları güclənsin”.

Şəbnəm Mehdizadə