Bakı Qlobal Forumu Azərbaycana nə vəd edir? - "Onlar Ermənsitanın xəritədən silinməsini istəmirsə..."

 13:12 06.11.2021     2350

Xəbər verdiyimiz kimi, noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayıb. Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev öz nitqində bir sıra məqamlar vurğulayıb.

Forumun əhəmiyyəti haqda Redaktor.az-a danışan Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, dünyada ən önəmli iqtisadi forum kimi tanınan Davos forumu tanınırsa, humanitar forum olaraq Azərbaycanın bir neçə ildir ardıcıl olaraq keçirdiyi Qlobal Bakı Forumu tanınır: 

“Şübhəsiz ki, belə beynəlxalq tədbirlərin və forumların təşkili onu keçirən ölkələrə müəyyən dividentlər qazandırır. Bakı Humanitar Forumu da bu mənada istisna deyil. İlk növbədə onu qeyd edim ki, forumun dahi şair Nizami Gəncəvinin adını daşımaqla Nizaminin Azərbaycan şairi olması faktını beynəlxalq müstəvidə tam möhkəmləndirdi. Əlbəttə ki, forumun keçirilməsində daha önəmli məqsəd var. Bu forum erməni diasporunun dünyada ölkəmizə qarşı apardığı mübarizədə assimetrik platform olaraq yaradılıb. Məhz bu forum çərçivəsində keçirilən tədbirlərin köməyi ilə Azərbaycan beynəlxalq konyukturanı müəyyənləşdirənlərə keçmiş Dağlıq Qarabağ münaqişəsinin nə etnik, nə də dini zəmində baş vermədiyini bir daha göstərdi. Çünki bu münaqişə bir dövlətin digər dövlətin ərazisini işğal etməsi idi. Məhz bu qəbildən olan forumlarla Azərbaycan bütün dünyaya özünün sekulyar və tolerant, qlobal çağırışları düzgün qiymətləndirib adekvat cavab verən bir dövlət olduğunu bəyan edir”.

Deputat bildirib ki, yeni geosiyasi reallıqlar forum çərçivəsində dünyanın diqqətinə çatdırılır:

“İlham Əliyevin forumda COVİD-19 pandemiyası ilə bağlı Azərbaycanın həm beynəlxalq, həm regional müstəvidə, həm də ölkə daxilində gördüyü tədbirləri açıqlaması əbəs deyildi. Dünyanın aparıcı dövlətləri bu baxımdan Azərbaycandan örnək götürməlidir. Dövlət başçısı Forum çərçivəsində iqlim dəyişikliyi, “yaşıl enerji”, sülhün yaradılmasında qadınların rolu ilə bağlı dünyada trend təşkil edən mövzularda Azərbaycanın nə qədər məsuliyyətli davrandığını bir daha diqqətə çatdırdı. İşğaldan azad edilmiş ərazilərdə yalnız “yaşıl enerji”nin tətbiqi nəzərdə tutulur ki, bu da iqlim dəyişikliyi ilə mübarizəyə Azərbaycanın verdiyi  töhfədir. Prezidentin çıxışında ən önəmli məqam regionda yaranan yeni geosiyasi reallıqla bağlı dedikləri idi. Mayın 20-də Nizami klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə də İlham Əliyev Azərbaycanın nədən savaş yolu ilə öz torpaqlarını azad etdiyini detallı şəkildə və arqumnetlərlə aydınlıq gətirərək haylara havadarlıq adı altında onlardan geosiyasi alət kimi faydalananların bütün iddialarını darmadağın etmişdi. Biz işğal olunmuş ərazilərdə bu qədər vəhşiliklərlə üzləşməyimizə və Ermənsitanın törətdiyi cinayətlərə baxmayaraq, onlara sülh və əməkdaşlıq təklif ediriik. Bu reallıq Forum çərçivəsində dünyanın diqqətinə çatdırılır. Foruma qatılan şəxslər təkcə öz dövlətlərində deyil, eyni zamanda, beynəlxalq konyukturanı formalaşdıranlara geniş təsir imkanları var. Forum iştirakçıları vasitəsilə Azərbaycan reallığı onlara çatdırılır. Həmin güclər gec-tez yaranmış reallıqlarla barışmalı olacaq. Onlar Ermənsitanın xəritədən silinməsini istəmirsə, məcbur olub Ermənsitanı sülh sazişi imzalamağa çağıracaq”.

Şəbnəm Mehdizadə