Türk lirəsi niyə ucuzlaşır? - SƏBƏB

 12:19 24.11.2021     1011

Son günlər ərzində Türkiyənin milli valyutası dollar qarşısında kəskin şəkildə dəyər itirir. Hazırda 1 ABŞ dolları təqribən 12 lirəyə bərabərdir. Bəs görəsən, türk lirəsi niyə dəyər itirir? 

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını iqtisadçı ekspert Rəşad Həsənov cavablandırıb. O bildirib ki, türk lirəsinin ucuzlaşmasının bir neçə mühüm səbəbi var:

"Bunlardan ən başılıcası Türkiyədə institusional problemlərin ortaya çıxmasıdır. Türkiyə 2018-ci ildə prezidentli respublika oldu və təəssüf ki, ölkədə güclər düzgün şəkildə bölüşüdürülmədi. Ölkədə Mərkəzi Bankın müstəqilliyi təmin edilmir. Hökumət Mərkəzi Bankın fəaliyyətinə davamlı olaraq müdaxilə edir. Ümumiyyətlə, yaranmış konyunkturanın ziddinə olaraq son üç ayda Mərkəzi Bank uçot dərəcəsini artımaq və ya sabit saxlamaq əvəzinə azaldılması istiqamətində qərarlar qəbul edir. Hökumət düşünür ki, uçot dərəcəsinin azaldılması inflyasiya səviyyəsini azaldacaq. Lakin bu qərar əks effekt verir. Uçot dərəcəsinin azaldılması inflyasiyanı artırır".

Ekspert bildirib ki, uçot dərəcəsinin azaldılması bazara daha böyük pul kütlələrinin daxil olmasının və bu pul kütləsinin əlavə tələb yaratmasına səbəb olur:
"Lirənin  ucuzlaşmasının digər səbəbləri isə Türkiyə iqtisadiyyatı ilə bağlıdır. Dünya bazarlarında enerjinin qiyməti artır. Bu Türkiyənin tədiyyə balansının strukturunu əhəmiyyətli səviyyədə zəiflədir və kəsri artırır. Türkiyədə artıq xarici investisiya risklər qarşısında qalaraq getməyə başlayıb. İqtisadi siyasət düzgün şəkildə aparılmır və güc tarazılığı pozulub. Türkiyə iqtisadiyyatı bu təzyiqlərdən yaranan konyuktura davam gətirə biləcək gücə sahib deyil". 

Şəbnəm Mehdizadə