Nazir müavini bahalaşmanın səbəbini açıqladı

 16:12 23.11.2021     364

Azərbaycanda məhsulların qiymətinin artmasına səbəb idxal məhsullarıdır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

“İstehsalda o malların qiymətində artım müşahidə edilir ki, onların hazırlanması üçün lazım olan xammal idxal edilir.  Eyni zamanda daşınma xərcləri və enerji xərclərinin artımı da qiymət artımına təsir edən amillərdəndir”, - deyə Sevinc Həsənova əlavə edib.

Sevinc Həsənova qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, bu il dünyada qiymətlər son 30 ildə ən yüksək səviyyəyə çatıb:

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə dünyada qiymət səviyyəsi son 30 ildə ən yüksək səviyyəyə çatıb. Bunun nəticəsində də ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunmalıdır. Bu da bizim inflyasiya səviyyəsinə ən çox təsir edən amildir".

S. Həsənovanın sözlərinə görə, hazırda idxal indeksi 23 %-i keçib:

"Hətta hazır qida məhsulları idxal qiymətləri indeksi 25 %-i ötüb. Növbəti ildə inflyasiyanın səngiməsi gözlənilir. İnflyasiyanın yüksək səviyyədə olması nəzərə alınaraq, İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ildə qiymətlərin cari ildə olduğu kimi yüksək artımı proqnozlaşdırılmır. İnflyasiyanın aşağı səviyyədə saxlanılması üçün əsas amillərdən biri makroiqtisadi sabitliyin təmin olunmasıdır”.

O bildirib ki, 2022-ci ildə qiymət artımı səngiyəcək.

Nazir müavini rəqabət mühitinin qorunub saxlanılmasının vacibliyini də vurğulayıb.