Gələn il neftin qiyməti 145 dollara qalxacaq? - AÇIQLAMA

 14:40 24.11.2021     301

2021-ci ilin yekunlaşmasına az qalıb. Ötən ildən fərqli olaraq bu il neft ölkələri üçün kifayət qədər uğurlu il oldu. Hazırda “Brent” markalı neftin bir bareli 82 dollardan baha satılır.

Bəs görəsən, gələn il qiymətlər hansı aralıqda dəyişəcək?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını enerji eksperti Zəfər Vəliyev cavablandırıb. O bildirib ki, neft qiymətlərinin sabit qalması üçün neft bazarlarında tələb-təklif balansı təmin edilməli və saxlanılmalıdır:

“2016-cı ildən etibarən OPEC və müttəfiq dövlətlər Vyana sazişi çərçivəsində neft bazarlarında bu balansın təmin edilməsi üçün səylər göstərir. Bazar iştirakçıları hazırda qiymətlərin sabitləşməsində maraqlıdır. Burada söhbət fiziki bazarlardan gedir. Fyuçers bazarlarının iştirakçıları neft qiymətlərində dalğalanmaların olmasını istəyir. Qarşıdakı aylarda OPEC və müttəfiq dövlətlərinin hasilat tavanının müəyyən edilməsi ilə bağlı fəaliyyəti 3 amildən - enerji təhlükəsizliyi, iqtisadi inkişaf və iqlim dəyişikliklərinə qarşı müqavimətdən asılı olacaq”.

Ekspert bildirib ki, neftin ədalətli qiyməti 68-75 dollar dəhlizidir:

“Bu aralıq hasilatçı və neft istehlak edən dövlətlər üçün məqbul hesab olunur. Bundan yuxarı qiymətlər bazarda disbalans yaradır. Sentyabr-oktyabr aylarından başlayaraq neft qiymətlərində müşahidə olunan sıçrayışlar bazar şərtlərinə uyğun deyildi. Bu süni artım idi və bu artımın səbəbi qaz və daş kömür bazarlarında baş verən qeyri-müəyyənliklə bağlı idi. Qarşıdakı aylarda neftin böhranlı əraziyə düşmək şansı yoxdur. 68-75  dollar dəhlizində olan neft qiymətləri hazırkı bazar şərtlərinə cavab verən qiymətlərdir. OPEC, Beynəlxalq Enerji Agentliyi və digər bazar iştirakçılarının verdiyi proqnoza görə gələn il neftə olan tələb bu illə müqayisədə 4,2 milyon barel artaraq 100 milyon barelə çatacaq. Bu, pandemiyadan əvvəlki göstəricidən bir qədər artıqdır. Tələb artdıqca qiymətlərdə sabitlik formalaşacaq. Bazar iştirakçıları bəyan edib ki, gələn il orta qiymət 72 dollar olacaq. Bu qiyməti ədalətli hesab etmək olar. Neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi 90 faizi keçərsə, gələn il qiymətlər 68-75 dollar dəhlizində uzun müddət sabit qalacaq. Yüksək neft qiymətlərindən danışmaq üçün hələ tezdir. Aparıcı bankların iddiasına görə gələn il qiymətlər 90 dollar olacaq. Bəzi proqnozlarda hətta qiymətlərin 120-145  dollar olacağı iddia olunur. Lakin bu real deyil”.

Şəbnəm Mehdizadə