Səfər Mehdiyev özünü niyə tərifləyir?

 16:06 13.12.2021     463

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu günlərdə “virtualaz.org”a verdiyi müsahibədə bir çox məqamlara toxunub. O məsələlərdən biri də, Komitəyə rəhbərlik etdiyi son dörd ildə mal idxalının dövriyyəsinin 42 milyard dollar olması ilə bağlı dedikləridir.

“Bu, Gömrük Komitəsinə mənim rəhbərlik etdiyim dövrdür.  Əvvəlki rəhbərliyin dövründə 11 ildə mal idxalı dövriyyəsi 91 milyard dollar təşkil edib.  Mənim sədr təyin olunmağımdan əvvəlki 11 ildə büdcəyə 15 milyard manat daxil olub.  Mənim rəhbər olduğum 4 ildə isə büdcəyə daxil olan məbləğ 16 milyard təşkil edib. İndi müqayisə edin - 11 ildə 15 milyard və 4 ildə 16 milyard. Yəni, biz 4 il ərzində vergi və rüsumlardan büdcəyə əvvəlki 11 ildə olduğu qədər vəsaitin daxil olmasını təmin etmişik!” - S.Mehdiyev bildirib.

Komitə sədri bu artımı idxalın artması ilə deyil, gömrük sistemində şəffaflığın təmin olunması ilə əlaqələndirib.

“Biz gömrük rüsumlarının və vergilərin qanuni toplanmasında kulminasiyaya nail olmuşuq. Əgər dünya iqtisadi böhranı və ya pandemiya və lokdaun dövrlərində olduğu kimi xarici ticarət əməliyyatları sistemində nasazlıq baş verməsə, biz büdcəyə daxilolmaların ildə 4 milyard manatdan çox olmasına nail olacağıq.  Bu, prezidentin qarşımızda qoyduğu vəzifədir. Və yeni şəffaflıq siyasəti, həmçinin neqativ hallarla mübarizə bizə həmin hüduda çatmağa imkan verir. Yaxın illərdə idxalın artacağını düşünmürəm, amma yaxın gələcəkdə illik dövriyyə 11-12 milyard olacaq. Biz gömrük vergilərinin və rüsumlarının toplanması sahəsində uğura düzgün inzibatçılıq, kadr islahatları, şəffaflıq və inhisarçılıqla mübarizə sayəsində nail olmuşuq. Ən böyük uğur iş adamları üçün ixrac-idxal imkanlarının genişlənməsidir.”,-  S.Mehdiyev bildirib.

Komitə sədri onu da əlavə edib ki, büdcəyə daxilolmaların artmasının qiymət artımı ilə də bağlılığı var, ancaq bu, həlledici faktor deyil:

“Volatilliyi heç kəs ləğv etməyib. Bəzi malların qiyməti artır, bəzi mallar isə ucuzlaşır. Ölkəyə gətirilən malların siyahısı da dəyişir.  Odur ki, qiymət artımının rolu elə də əhəmiyyətli deyil.  Qarşımıza qoyduğumuz vəzifələrin 95 faizini yerinə yetirmişik.  Soruşacaqsınız - niyə 100% yox?  Gömrük dəyəri məsələləri həmişə risklə bağlıdır - manipulyasiyalar, problemlər, qiymət oyunları, ixracat qiymətlərini kiçiltmək cəhdləri var”.

Həqiqətən gözəl sözlərdir... Amma Səfər müəllim, xırda bir nüansı yadından çıxarır ki, özü Dövlət Gömrük Xidmətinin rəhbərliyində sədrin 1-ci müavini kimi vəzifəcə ikinci şəxs idi. Belə olan halda, sadaladığı məsələlərdə mövcud nöqsanların aşkar edilib, aradan qaldırılmasında da birbaşa məsuliyyət sahibi deyildimi?

Sualımızı cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Redaktor.az-a bildirdi ki, Azərbaycanda bir çox məsələləri elə komitələrin başında duran 1-ci şəxslər həll edirlər. “Müavinlərin elə də səlahiyyəti olmur”,- deyən V.Əhmədov əlavə etdi ki, vaxtilə Milli Məclisdəki çıxışlarında Dövlət Gömrük Komitəsindəki korrupsiya və rüşvətxorluqlar bardədə danışıb, hətta konkret rəqəmlər də deyib

“Bəli, Səfər Mehdiyev sədr təyin olunandan sonra dövlət büdcəsinə daxilolmalar kifayət qədər artıb. Bu da onu göstərir ki, ondan əvvəlki sədr müəyyən məbləği büdcəyə deyil, "cibinə ötürürmüş". Özü də gizlin deyildi, bəzi korrupsiya hallarını elə hamının gözü qabağında edirdilər. Bəli, Səfər Mehdiyev o dövrdə Dövlət Gömrük Komitəsiin sədrinin müavini idi, amma birinci şəxs deyildi. Sədr təyin ediləndən sonra görürük ki, Dövlət Gömrük Komitəsində yaxşı nəticələr verən xeyli islahatlar aparılıb”,- millət vəkili əlavə etdi.

Deputat Rüfət Quliyev də son iki-üç ildə fiskal idarələrdə kifayət qədər islahatlar aparıldığını desə də, büdcəyə daxil olan vergi və gömrük rüsumlarının həcminin artmasını dünyadakı iqtisadi göstəricilərin dəyişməsilə əlaqələndirdi. Onun sözlərinə görə, islahat əsasən iki istiqamətdə daha çox özünü göstərir; birinci, kölgə iqtisadiyyatından uzaqlaşmışıq, ikinci də, rəqəmsal iqtisadiyyata keçmişik. Bu da artıq DGK-in fəaliyyətində şəffaflığın mövcudluğundan xəbər verir.

“Bu gün dünya dəyişilir, yeni problemlər çıxır, hər şey yenilənir. 2 il əvvəl kim deyərdi ki, Covid-19 virusu dünyanı alt-üst edəcək? Koronavirus nəinki kasıb və kiçik dövlətlərə, mən deyərdim ki, dünyanın ən güclü dövlətlərinə belə böyük maddi ziyan vurdu. Həm də bir məsələni yaddan çıxarmamalıyıq ki, 10-15 il əvvəl Azərbaycan iqtisadiyyatının həcmi, artımı və dayanaqlığı bu günkü səviyyədə deyildi. Azərbaycanın o dövrdəki iqtisadi gücü ilə indikinin arasında 2.5 dəfə fərq var. Təbiidir ki, bu fərq özünü ixracda, idxalda, malların qiymətində və çeşidliyində də biruzə verir. Yəni bu gün Azərbaycan regionda ən güclü iqtsadiyyata malikdir. İqtisadi imkanlarımız artdığı üçün beynəlxalq ticarət, idxal və ixrac da artır. Təbii ki, bu zaman rəqəmlər də dəyişir. Biz gərək dünyadakı inflyasiyanı da nəzərə alaq. Çünki gömrükdən yığılan vəsait əsasən idxal olunan malların hesabınadır. Nəinki Azəbaycanda, bütün dünyada 15 il əvvəlki qiymətlərlə indiki qiymətlərin arasında böyük fərq var. O zamanlar xaricdən gələn qiymətlər indi ən azı 35-40 faiz artıb. Bu da təbii ki, idxal qiymətlərinə və inflyasiyaya təsir edib. Bunun nəticəsində vergi və gömrük rüsumların Azərbaycan büdcəsində həcmi də artıb. Ona görə də, indiki iqtisadi durumla 15 il əvvəlki vəziyyəti müqayisə edəndə yuxarida sadaladığım məqamları nəzərə almaq lazımdır”,- millət vəkili dedi.

İqtisadçı Natiq Çəfərli isə tam fərqli düşünür. Onun sözlərinə görə, əgər dövlət gömrük və vergi orqanlarından büdcəyə daha çox vəsaitin daxil olduğunu elan edirsə, bu iki halda baş verə bilər; ya manat ekvivalentində devalvasiyalar olanda, hansı ki, biz bunu son 5 ildə görmüşük, ya da güclü iqtisadi yüksəliş olanda:

“Çünki xaricdən dollarla alınıb ölkəmizə gətirilən malın qiyməti manat ekvivalenti ilə qalxırsa, alınıan rüsum da qalxır. Bu da büdcəyə daxil olmalara təsir edir. İkinci hal isə, güclü iqtisadi yüksəliş olanda baş verir ki, bu da Azərbaycanda yoxdur. Əksinə, biz ötən il Azərbaycanda kəskin iqtisadi azalma gördük. Ümumdaxili məhsul 4 faizdən çox azaldı, bu ilin ilk ayında isə sıfıra endi. Ona görə də, Gömrük Komitəsi artımla bağlı açıqlama verirsə, bunu əsaslandırmalıdır. Həqiqətdə isə, Səfər Mehdiyevin "mənim rəhbər olduğum dövrdə daha çox pul yığılıb" deməsi, ondan əvvəlki dövrü sual altına qoyur. Əslində elə o dövrdə Gömrük Komitəsinin sədr müavini özü idi. Belə çıxır ki, o dövrdə qanun pozuntuları olubsa, gömrük sistemində dediyi kimi şəffaflıq olmayıbsa, birinci müavin kimi o da məsuliyyət daşıyırdı. Düşünürəm ki, onun bu açıqlaması əslində elə özünün əleyhinə deyilmiş sözlərdir”.

İltifat HACIXANOĞLU