İri ticarət və xidmət sahələrinin nümayəndələri nazirliyə çağırıldı - FOTO

 09:47 27.12.2021     79

İstehlakçı hüquqlarının qorunmasında sistemli yanaşmanı tətbiq etmək məqsədilə  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində iri ticarət və xidmət sahələrinin nümayəndələri ilə növbəti görüş keçirilib.

Dövlət Xidmətindən Redaktor.az-a verilən məlumata görə, görüş zamanı cari ildə Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib. Qeyd olunub ki, şikayətlərin məzmunu fərqli olsa da, ümumi problem sahibkarların bu sahəyə olan yanaşması ilə əlaqədardır. Bunun üçün Dövlət Xidməti sahibkarlara fəaliyyətlərinin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin görülməsi ilə bağlı təkliflər verib. Bildirilib ki, istehlakçı müraciətlərinə operativ reaksiya vermək üçün bu sahədə məsul şəxslərin və reqlamentin müəyyən olunması, çağrı mərkəzlərinin fəaliyyətində effektivliyin artırılması vacib şərtlərdəndir. Bununla yanaşı, servis mərkəzlərində nasaz məhsula dair istehlakçıya təqdim edilən sənəddə rəy verən mütəxəssis və yoxlama üsulu haqqında ətraflı məlumat əks olunmalıdır.

Tədbirdə həmçinin, yerli onlayn ticarət platformaları barədə də fikir mübadiləsi aparılıb. Vurğulanıb  ki, bu sahədə əsas problem anbarda mövcud olmayan məhsulların onlayn təklif edilməsidir. Sahibkarlara bildirilib ki, onlayn ticarət zamanı istehlakçılarla sənədləşmə proseduru daha təkmil aparılmalıdır, müştərilər alqı-satqı və zəmanət şərtləri ilə tanış olduqdan sonra məhsulu əldə etməlidirlər.

Görüşdə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, istehlakçı məmnuniyyətinə nail olunması barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

 

222