Nəqliyyatda gediş haqqı arta bilər - AÇIQLAMA

Son günlər ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti sürətlə bahalaşır. Belə ki, yeni ilin ilk günlərdindən artıq siqaretin, unun, çörəyin qiymətində ciddi qiymət artımları var. Bəs görəsən, növbəti mərhələdə hansı sahələrdə bahalaşma ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını iqtisadçı Natiq Cəfərli cavablandırıb. O bildirib ki, növbəti mərhələdə nəqliyyatda gediş haqqının qiymətinin artması gözlənilir:
“Dövlət tərəfindən tənzimlənən və müdaxilə edilməyən qiymətlər var. Dövlət tərəfindən tənzimlənən qiymətlərə kommunal xidmətlər, nəqliyyatda gediş haqqı və digər məsələlər daxildir. Burada hansısa qiymət dəyişikliyinin olması dövlətin qərarından asılı olacaq. Ola bilsin ki, bu sahələrdə yaxın zamanlarda qiymət artımı olsun. Belə bir qərarın veriləcəyi gözləniləndir. Ölkədəki qiymət artımlarının özlüyündə müxtəlif səbəbləri var. İlk növbədə dünyada gedən proseslər Azərbaycana da təsir edir. Digər səbəb isə daxildən qaynaqlanan və rəqabətli mühit üçün şəraitin olmamasıdır. Hökumətin təşviqedici addımları olmazsa, qiymətlər yenidən arta bilər. İndiki mərhələdə ən gözlə görünən unun qiymətinin bahalaşmasıdır. Unun qiyməti qalxırsa, təkcə çörəyin yox, azsaylı da olsa istehsal olunan makaron, vərməşil və digər un məmulatlarının qiymətində yaxın günlərdə artım müşahidə olunacaq”.
Şəbnəm Mehdizadə