Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMA

Son günlər ölkədə çörəyin, unun və digər ərzaq məshullarının qiymətinin bahalaşması ciddi narazılıqlara səbəb olub. Belə bir məqamda hər kəsi narahat edən ən ciddi məsələ manatın məzənnəsi ilə bağlıdır. Hələ ötən ilin sonlarından bu ilin yanvar və fevral aylarında devalvasiya olacağına dair müxtəlif məlumatlar yayılıb.
Bəs görəsən bu məlumatlar nə dərəcədə realdır? Yaxın vaxtlarda manat dollar qarşısında ucuzlaşa bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını iqtisadi Ramin Rəhimov cavablandırıb. O bildirib ki, hazırda devalvasiya üçün əsas yoxdur:
"Azərbaycanda çörəyin və unun qiymətinin bahalaşması daxili bazardan qaynaqlanmır. Ərzağın qiymətinin qalxması o demək deyil ki, dolların məzənnəsi dəyişəcək və devalvasiya olacaq. Mərkəzi Bank 2022-ci il pul siyasəti ilə bağlı planını açıqlayıb. Hazırda devalvasiya üçün əsas yoxdur. Ərzaq qiymətləri beynəlxalq səviyyə ilə balanslaşır. Qiymət artımı tənzimlənməzsə, digər ərzaq məhsullarının qiymətinin artmasına təzyiq göstərəcək. Çünki biz idxaldan asılı olan ölkəyik. Əlsində devalvasiya idxal edilən ərazğın dəyərində formalaşır. Yəni idxal üçün daha çox dollar tələb olunur. İndiki dövrdə Neft Fondunun gəlirlərinin artması və daxili bazarda kifayət qədər dolların olması devalvasiyanı şərtləndirmir. İnflyasiya Azərbaycan Mərkəzi Bankının proqnozundan yüksək səviyyədədir. İnflyasiyanın artması proqnozlardan daha sürətli olacaq. Lakin yaxın müddət ərzində Mərkəzi Bankın devalvasiyaya gedəcəyini düşünmürəm. İndiki halda devalvasiya xarici investorların ölkəyə gəlməsinə mane ola bilər. Bu da bizə indiki şəraitdə sərf etmir. İnflyasiya ilə bağlı Mərkəzi Bank uçot dərəcəsini artıra bilər. Lakin 2022-ci ildə devalvasiyanın olacağını düşünmürəm".
Şəbnəm Mehdizadə