Evlərin qiyməti də qalxacaq? - AÇIQLAMA

 16:02 24.01.2022     737

Azərbaycanda buğdanın qiymətinin qalxması un və un məmulatlarının bahalaşmasına səbəb oldu. Bununla yanaşı ölkədə bir sıra ərzaq qiymətlərində də artım müşahidə olunur. Bəs hazırda inşaat materialları bazarında vəziyyət necədir? Digər tərəfdən tikinti materialları bahalaşarsa, bu, əmlak bazarına da təsir edəcəkmi? Yeni tikilən fərdi evlərdə və çoxmərtəbəli binalardakı mənzillərin qiymət dinamikası necə tənzimlənəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, əsas qiymət artımı istehsalçıların məişət xərclərinin artması ilə onların mənfəət normasının artırmasından irəli gəlir:

“Son dövrlər bütün məhsulların qiyməti artır. Qiymət artımlarının bir çox səbəbləri vardır və əsas səbəbi pandemiyanın yaratdığı təsirlərdir, istehsal bazarında məhsulların sayı azaldı. Bunun nəticəsində də müəyyən mənada qiymət artımları üçün zəmin formalaşdı. İkinci əsas məsələ nəqliyyat xərclərinin artmasıdır. Nəqliyyat xərcləri əhəmiyətli səviyyədə artır və bu, öz özlüyündə qiymət artımına gətirib çıxarır. Təbii ki, bu gün inşaat materiallarında qiymət artımını şərtləndirən digər bir faktorlardan biri yanacağın bahalaşması, yəni maye dəyərinin artmasını şərtləndirən yanacağın bahalaşması kimi amillərdir. Dünyada neftin qiyməti sürətlə bahalaşır. Azərbaycan kimi ölkələrdə istehsal prosesində isə artıq 2021-ci ilin əvvəlindən etibarən bu istiqamətdə qərarlar qəbul edilib. Bütün bu proses sonda deyir ki, istehsalçıların, tədarükçülərin, bu zəncirlərin dalğasında iştirak edənlərin məişət xərclərinin artması ilə onların mənfəət normasını artırması zərurəti  fonunda birləşərək bazarda bu şəkildə əks olunur. Yəni bu, satış qiymətlərinin daha yüksək formada təsbit edilməsinə şərait yaradır".

Ekspert hesab edir ki, inşaat materialları bazarında qiymət artımı evlərin və mənzillərin qiymətinə də təsir edəcək:

“Əlbəttə bu vəziyyət evlərin də qiymətinə təsir edəcək. Bu, sadəcə qısa müddətli dövrdə yox, uzunmüddətli dövrdə inşaat materiallarında olan bahalaşma qiymətlərin üzərində əks olunacaq. Çünki mənzillərin qiymətlərinin artırılması o qədər asan deyil. Bu gün istehlak gücü buna cavab vermir. Yəni daşınmaz əmlak bazarında bir durğunluq vardır. Amma müəyyən müddət ərzində nisbətən bu istiqamətdə canlanma ola bilər. Bu əsasən onunla əlaqədar olacaq ki, ötən iki il ərzində mənzil tikintisi sahəsində ciddi geriləmə var. Bu, müəyyən qədər bazarda təklifin az olmasına və təklifçilərin qiymət artırmasına şərait yaradır. Sonda qiymət artımları, maya dəyərinin bahalaşması daşınmaz əmlak bazarında mənzillərin qiymətlərinin qalxmasını şərtləndirəcək. Bu, yeni proses deyil. Sadəcə bu il nisbətən daha çox bahalaşma oldu. Əvvəlki illərə baxsaq ki, 2016-cı ildən etibarən hər il bu məhsulların, tikinti materiallarının qiyməti 15-18 faiz bahalaşır. İndi isə bu, artıq pik nöqtəyə çatdı".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, tikinti bazarında qiymət artımı əvvəlki illərdən başlayıb:

“Tikinti materiallarının qiymətinin artımı bir ildən çoxdur ki, müşahidə olunur. Bu, daha çox onunla bağlıdır ki, pandemiya dövründə ölkələr arasında sərhədlərin bağlı olması, istehsal sahələrində istehsalların sayının az olması, həm də Azərbaycanda istehsal olunan tikinti materiallarının qiymətinə də təsir etdi. Ölkəmizdə istehsal olunan tikinti materiallarının qiymətinin artmasına digər səbəblərdən biri də kommunal xərclərin baha olmasıdır. Çünki əksər zavod və fabriklərdə elektrik enerjisi, su və qazla işləyən bir çox böyük bir yarımfabrikatlar var ki, qiymətlərin artması, xammalın qiymətinin artması bəzi tikinti materiallarının qiymətinin bir il, il yarım ərzində iki dəfədən çox artmasına gətirib çıxardı. Armatur, sement və ümumilikdə hər bir materialın qiyməti artıb. Təbii ki, bu, yeni tikilən binalarla bərabər daha çox fərdi həyətyanı evlərin qiymətinin artmasına da gətirib çıxarıb. Çünki tikintinin maya dəyəri artır. Əvvəlki illərdə normalda sırf təmirsiz vəziyyətdə olan tikilinin maya dəyəri bir kvadratı 300 manata başa gəlirdisə, bu gün artıq həmin tikili təxminən 400 manata qədər gəlib çıxa bilir. Bu, birbaşa satış qiymətinə öz təsirini göstərəcək".

E.Fərzəliyev vurğuladı ki, tikintisi əvvəlki illərdə başa çatmış evlərin və mənzillərin bahalaşması real qiymət artımı sayılmır.

"Hazırda satışda olan mənzillər istər yeni tikili olsun, istərsə də fərdi evlərin böyük bir hissəsi ötən illərdə tikilib hazırlanmış mənzillərdir ki, bunların da qiymətlərində artımlar var, lakin bu, real bazar artımı deyil. Təxminən 4-5 il əvvələ baxsaq görərik ki, əvvəllər daha çox tikinti sahələri var idi, yeni tikili binalar hər yerdə dayanmadan inşa olunurdu. Amma hazırda bunlar barmaqla sayılacaq qədər azdır. Əslində qiymət artımı, xüsusən də əmlak bazarında heç yaxşı deyil. Çox sayda insan var ki, onların evi yoxdur və evlərin qiymətinin qalxması onların ev arzusunu əlçatmaz edir. Bu gün qiymətlərin artmasına həm tikinti materiallarının qiymətinin qalxması, həm də digər tərəfdən tikintiyə yararlı torpaq sahələrinin məhdud olması, onların qiymətinin baha olması, normativlərdə tikinti sıxlıqlarının qorunması səbəb olur. Bu səbəbdən tikinti şirkətləri əvvəlki qədər tikinti apara bilməyəcək. Bu da birbaşa qiymətlərə təsir edəcək. Hazırki əldə olan və satışda olan mənzillər ötən illərdən tikilib qalan mənzillərdir. Yəni bu gün artıq hər hansısa yerdə tikintilər başlasa, tutaq ki, bir neçə il bundan qabaq hazır binada tikilən bir mənzilin kvadratı 1500 manata təklif olunurdusa, amma indi həmin ərazidə sıfırdan bina başlayıb tiksələr şirkət onu təxminən 2000 manata satışa çıxarmalıdır ki, oradan zərərlə çıxmasın, müəyyən bir qazanc əldə edə bilsin. Bu rəqəmlər simvolikdir, amma aradaki fərq belədir. Həyətyanı evlərdə də qiymətlərdə artımlar var. Burada düzdür, fərdi evlərin konkret qiymətləndirməsini aparmaq olmur, çünki bunlarda hər qiymətə ev var. Ərazisindən, yerləşməsindən, tək, yaxud cüt "kubik" olmasından və digər amillərdən dolayı. Bu gedişlə onlarda da qiymətlər artacaq.

Bunun hansısa formada qarşısı alınmalıdır, çünki mənzillərin qiymətinin artması insanların sosial vəziyyətini daha aşağı vəziyyətə gətirib çıxaracaq. İllərlə kirayədə qalanlar var. Bizdə kirayə qiymətləri də həddindən artıq qalxıb. Bu artım kirayə bazarına da təsir edəcək. Ev almaq istəyənlər üçün bu, daha ciddi problemə çevriləcək” - deyə ekspert bildirdi.

Nuranə Tofiqli

Vumart və Güvən reklamı Vumart Güvən