"Banklar kredit faizlərini yüksəldəcək" - Ekspertdən Mərkəzi Bankın qərarına REAKSİYA

 13:52 29.01.2022     621

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,25%-dən 7,5%-ə çatdırılması barədə qərar qəbul edib. Qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib ki, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 8,25%-dən 9%-ə qaldırılıb. 

İl başlayandan müşahidə olunan bahalaşma və qiymət artımları insanlarda devalvasiya ilə bağlı narahatlıq yaradır. Mərkəzi Bankın uçot dərəcəsini artırması ilə bağlı açıqlamaları isə devalvasiyanın olacağı təhlükəsi ilə bağlı ajiotaj yaradır. Lakin bir çoxları uçot dərəcəsi ifadəsinin anlamını bilmir. Bəs uçot dərəcəsi nə deməkdir, onun artması devalvasiyaya gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını iqtisadçı Natiq Cəfərli cavablandırıb. O bildirib ki, Azərbaycanda uçot dərəcəsinin iqtisadiyyata təsiri çox cüzidir:

“Uçot dərəcəsi ölkə ərazisində kredit faizlərinin həddini müəyyən etmək, pul-kredit siyasətini dizayn etmək və tənzimləmək üçün əsas alətlərdən biridir. Təəssüf ki, Azərbaycanda bazar iqtisadiyyatı və birjalarda müəyyənləşən iqtisadi institutlar olmadığına görə uçot dərəcəsinin iqtisadiyyata birbaşa təsiri yoxdur. Yəni bizdə uçot dərəcəsinin iqtisadiyyata təsiri çox cüzidir. Sadəcə olaraq bəzi ölkələr uçot dərəcəsini artırdığına görə, buna paralel olaraq Azərbaycan Mərkəzi Bankı da belə bir qərar verir. Məsələn, Rusiyada son altı ayda uçot dərəcəsi iki dəfə artırılıb. Azərbaycanda da buna bənzər addımlar atıldı. Düzdür, inflyasiya ilə mübarizə çərçivəsində bu addımların atıldığı söylənilir. Lakin reallıqda uçot dərəcəsinin artımı kredit faizlərinin bir qədər də bahalaşmasına səbəb ola bilər. Çünki Mərkəzi Bank kommersiya banklarına manatla bağlı likvidlik verəndə uçot dərəcəsi səviyyəsində hesablamalar aparılır. Uçot dərəcəsi artdıqca Mərkəzi Bankın verdiyi borcun faizi də yüksəlir. Faiz dərəcəsi və bankların götürdüyü pulun faizi yüksəldikcə, banklar da öz kredit faizlərini yüksəldəcək. Yəni faiz dərəcəsinin artırılmasının ən tez təsir edəcəyi sahə bank kreditləri olacaq. Təəssüf ki, bu il bank kreditlərinin, yəni həm kommersiya, həm istehlak kreditlərinin bir qədər bahalaşmasının şahidi olacağıq”.

İqtisadçı bildirib ki, bu il devalvasiya gözlənilmir:

“Hazırki neft qiymətləri və inflyasiya şəraitində Azərbaycan hökuməti və Mərkəzi Bank devalvasiyaya getmək haqqında qərar verə bilməz. Çünki bu qərar sosial vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. Onsuz da Azərbaycanda devalvasiyaya bənzər təhlükəli proses var. Yəni manatın alıcılıq qabiliyyəti sürətlə aşağı düşür. Bunun üzərinə devalvasiya gəlsə çox ciddi fəsadlar yarada bilər. Ona görə də hesab edirəm ki, devalvasiya ilə bağlı gözləntilər bu il yəqin ki, özünü doğrultmayacaq. Bundan başqa, qeyd etdiyim kimi, neft qiymətləri 90 dolları ötüb. Bu Azərbaycana hökumətinə daha rahat davranmağa və məzənnəni inzibati qaydada saxlamağa imkanlar verir”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən