Azərbaycanda taxılın qiyməti arta bilər - Vahid Əhmədovdan AÇIQLAMA

 12:31 15.03.2022     1137

Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi fonunda hər iki ölkədən ərzaq tədarükünün, xüsusilə buğda tədarükünün kəsilməsi dünyada bu məhsulların qiymətinin daha da artmasına səbəb ola bilər.

Bu barədə beynəlxalq iqtisadçılar bildirirlər.

Onlara görə, Ukraynada müharibədən dolayı əkin mövsümünün pozulması və Rusiyadan taxıl ixracına müvəqqəti qadağa vəziyyəti daha da gərginləşdirmək təhlükəsi yaradır.

Hazırda dünyada buğda tədarükünün 10 faizi və qarğıdalı bazarının 15 faizi Ukraynanın payına düşür. Rusiya ən böyük taxıl ixracatçısı və günəbaxan toxumlarının ixracında liderlərdən biridir. 

Odur ki, ekspertlərin fikrincə, Rusiya və Ukraynadan buğda tədarükünün dayandırılması halında dünyanın bir sıra regionları ərzaq qıtlığı və aclıqla üzləşə bilər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirdi ki, Rusya-Ukrayna müharibəsi bütün dünya dövlətlərinə müəyyən qədər təsir göstərəcək:

“Bütün dövlətlərin faktiki olaraq Ukrayna, Rusiya ilə iqtisadi və siyasi əlaqələri var. Rusiya dünyaya qaz, neft ixrac edir. O cümlədən Azərbaycana çox böyük ərzaq məhsulları ixrac edir. 2 milyard dollara yaxın mal alırıq, 1.2 milyard onlara ixrac edirik. O cümlədən də taxıl alırıq. Rusiyaya tətbiq olunan sanksiyalar uzun müddət davam etsə, bütün ölkələrə öz ciddi təsirini göstərəcək. Təkcə ərzağa deyil, digər məsələlərə də təsirini göstərə bilər. Əgər qısa müddətdə müharibə sülh yolu ilə başa çatar, müqavilələr imzalanarsa, ciddi təsiri olmasa da, müəyyən qədər təsiri olacaq”.

Deputatın fikrincə, Azərbaycanda ərzaq, taxıl qıtlığı ilə bağlı ciddi problem yaşanmayacaq.

“Mən belə hesab edirəm ki, Azərbaycan ciddi problem yaşamamalıdır. Çünki dövlət başçısı Dövlət Ehtiyatları Agentliyini yaratdı və tapşırıq verdi ki, taxıl məmulatları və digər məsələlərlə bağlı problem yaranmasın. İkincisi də, Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Sabah Rusiya olmasa, biz Pakistan, Qazaxıstan və digər ölkələrdən Azərbaycana taxıl idxal edə bilərik. Əsas burada vəsait məsələsidir. Vəsaitimiz də var. Ona görə də mən belə hesab edirəm ki, ola bilər bizdə müəyyən qiymət artımı olsun. Amma ciddi problem olmamalıdır”, - deyə Vahid Əhmədov qeyd edib.

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən