"Qiymət artımları son 10 ilin fantastik göstəriciləri hesab oluna bilər” - Ekspert

 13:09 02.04.2022     679

Rusiyanın ixracla bağlı tətbiq etdiyi qadağalara görə dünyada və ölkəmizdə bir sıra məhsullarda qiymət artımı olduğu göz önündədir. Rusiyanın ixrac etdiyi mallardan biri də tikinti materiallarıdır. Xüsusən də taxta-şalban məhsulları. Artıq bir neçə gündür ki, biz bahalaşmanı bu sahədə də duya bilirik.

Maraqlıdır ki, tikinti materialları bazarında müşahidə olunan bahalaşma daşınmaz əmlak bazarına öz təsirini necə göstərəcək?

Məsələ ilə bağlı Redaktor.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, bahalaşma əsasən Rusiya və Ukraynadan idxal olunan dəmir və taxta məhsullarda müşahidə olunacaq:

“Bu bahalaşma son günlərin bahalaşması deyil. Təqribən son bir ildə, il yarımda baş verən prosesdir. Son il yarımda baş verən proseslər tikinti materialları bazarında çox kəskin qiymət artımlarına gətirib çıxarıb. Bu gün bu məsələ Ukrayna-Rusiya problemi ilə əlaqədar aktuallığını bir az da artırıb. Təbii ki, müharibə şəraiti bir qədər uzanarsa, bu, Azərbaycanda bir sıra tikinti materiallarının, xüsusilə Ukrayna və Rusiyadan idxal olunan tikinti materiallarının qiymətinə təsirsiz ötüşməyəcək. Rusiya və Ukraynadan idxal olunan hansı məhsullar ki, ümumi təklif portfelinin əsas hissəsini təşkil edir, bahalaşma həmin məhsullarda qeydə alınacaq. Əsasən dəmir və dəmir məmulatları, eyni zamanda taxta məmulatların siyahısına daxil olan bir sıra materiallar, xüsusilə Ukraynadan idxal olunan məhsullarda bu, daha çox özünü göstərəcək. Artıq bu istiqamətdə meyillər də müşahidə olunmaqdadır. Bu qiymət artımları son bir neçə ilin, bəlkə də son 10 ilin fantastik göstəriciləri hesab oluna bilər”.

Ekspertin sözlərinə görə, tikinti materialları bazarındakı bahalaşmanın daşınmaz əmlak bazarına necə təsir göstərəcəyini yaxın bir ay ərzində görə biləcəyik.

“Bu proseslər təbii ki, tikinti bazarında, daşınmaz əmlak bazarında qiymətlərin artımına təsir göstərib. Bundan sonrakı mərhələdə baş verəcək qiymət artımlarının daşınmaz əmlak bazarına hansı formada təsir edəcəyini indidən söyləmək hələ ki, tezdir. Çünki bunun üçün bir qədər zaman lazımdır. Yəqin ki, qarşıdakı dövrlərdə, yaxın bir ay ərzində bu məsələni tam şəkildə təhlil edib proqnozlaşdırmaq mümkün olacaq. Mən hesab edirəm ki, bütün hallarda bu, qiymətlərə təsir göstərəcək. Amma hansı səviyyədə təsir göstərəcəyini indidən demək bir qədər çətindir”, - deyə R.Osmanlı bildirdi.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən