“Qida təhlükəsizliyi haqqında” qanun QƏBUL EDİLDİ

 13:00 05.05.2022     364

Milli Məclisin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, 9 fəsil, 40 maddədən ibarət olan qanun Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, ölkəmizin ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.

Qanun layihəsində qeyd olunur ki, yerli qida və yem məhsullarının rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması, onların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması sahələri dövlət tərəfindən tənzimlənir.

Bundan əlavə, layihədə qida təhlükəsizliyi sahəsində dövlətin vəzifələri, əsas prinsipləri, istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu ilə bağlı məsələlər öz əksini tapıb.

Sənəddə, eyni zamanda qida təhlükəsizliyi sahəsində tələblər, o cümlədən qida və yem məhsullarının, xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin, həmçinin zənginləşdirilən qida məhsullarının təhlükəsizliyi və digər bir sıra məqamlara dair tələblər ehtiva olunub.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.