Dövlət Xidmətindən vaxtı keçmiş qida və dərmanlarla bağlı AÇIQLAMA

 13:34 26.05.2022     1119

Milli Məclisin ötən iclaslarından birində deputat Rüfət Quliyev ticarət şəbəkələrində kifayət qədər vaxtı keçmiş qida məhsullarının satılması barədə həyəcan təbili çalıb. O, bildirib ki, dövlət bunu nəzarətə götürməlidir. Deputat həmçinin qeyd edib ki, ölkəmizdə satışda vaxtı keçmiş dərmanlar və onların tərkibləri barədə ciddi nəzarətə ehtiyac var. Dərmanların həm qiymət, həm də keyfiyyətinə nəzarət artırılmalıdır.

Həqiqətən satışda vaxtı keçmiş qida məhsulları və dərman vasitələri mövcuddur? Yararlılıq vaxtının bitməsinə nə qədər qalmış məhsullar satışdan çıxarılmalıdır? Ölkəmizdə vaxtı keçmiş və ya keçməyə az qalmış məhsullarla bağlı hansı tədbirlər görülür?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, satıcı istehlakçıya məhsulu istifadə edə biləcəyi müddət ərzində təqdim etməlidir:

“Vaxtı keçmiş ərzaq məhsullarına dair dövlət nəzarətini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, vaxtı keçmiş dərman vasitələrinə dair dövlət nəzarətini isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

Yararlılıq müddətinin bitməsinə az qalmış məhsulların satışı ilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 saylı Qərarının "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 5.49-cu bəndinə əsasən satıcı yararlılıq müddəti müəyyən olunmuş malları istehlakçıya ondan təyinatı üzrə istifadə edə biləcəyi müddəti (ağlabatan) nəzərə alaraq təqdim etməyə borcludur”.

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən