Ərzaq qiymətlərində azalma olacaq? - Ekspert: "Yaxın zamanlarda Nazirlər Kabineti qərar verəcək"
Xəbər verdiyimiz kimi, maliyyə naziri Samir Şərifov Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik toplantısında çıxışı zamanı bildirib ki, hökumət ölkə prezidentinin tapşırığı ilə müəyyən antiinflyasiya tədbirləri hazırlayıb həyata keçirir. Nazirin sözlərinə görə, bu tədbirlərin əsasən Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə gömrük rüsumlarının və vergilərin aradan qaldırılmasıdır. "Bununla əlaqədar lazımi qərarlar qəbul edilir. Onların icrasının nəticəsində qiymətlərdə bir qədər azalma baş verəcək”, - deyə S.Şərifov bildirib.
Bəs maliyyə nazirinin bildirdiyi kimi Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə gömrük rüsumlarının və vergiləri aradan qaldırılarsa, bu, qiymətlərdə azalmaya gətirib çıxarda bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ölkədə istehsalı olmayan ərzaq məhsullarına və sosial yönümlü məhsullara (uşaq yeməkləri, dərman preparatları) vergi və gömrük güzəştləri tətbiq olunmalıdır.
“Bu məhsulların vergisi aşağı salınmalı, sıfırlanmalıdır. Bu, qiymətlərin tənzimlənməsində ciddi rol oynaya bilər. Nəhayət ki, rəsmi şəxslərdən kimsə bu barədə açıqlama verib. Ümid edirəm ki, yaxın zamanlarda Nazirlər Kabineti bu barədə qərar verəcək”,- deyə o, əlavə edib.
Nərmin Vüqarqızı












