Tovuzun ucqar dağ kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur - VİDEO
“Azərişıq” ASC Tovuzun ucqar dağ kəndləri olan Qaradaş və Səfərli kəndlərinin elektrik şəbəkəsi yenidən qurur.
Bu barədə Redaktor.az-a qurumdan məlumat verilib.
Məlumata görə, “Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
Yenidənqurma işləri çərçivəsində 83 abonenti olan Qaradaş kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 13 km-a yaxın 10 kV-luq, 11 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.
95 abonenti olan Tovuzun Səfərli kəndinin ərazisində 4 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 17 km-dan çox 10 kV-luq, 14 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək. Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Qaradaş və Səfərli kəndləri ilə yanaşı, rayonun Qandallar və Papaqçılar kəndlərində də işlər aparılır. 4 kənddə yenidənqurma yekunlaşdıqdan sonra ümumilikdə 359 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.












