"Dünyada neft qiymətləri aşağı düşür, Azərbaycanda isə benzini bahalaşdırırlar" - Ekspert
Xəbər verdiyimiz kimi, Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti bahalaşıb. Buna səbəb dünya enerji bazarındakı qiymətlərdəki dəyişiklikləri göstərirlər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Onun sözlərinə görə, Tarif Şurası bir neçə ildir ki, “Aİ-95” markalı benzinin qiymətinə nəzarət etmir və siyahısından çıxarıb.
“Bu benzin növü siyahıdan çıxarılanda dövlət orqanları bir neçə şirkətlərin iştirakı ilə rəqabətli mühitin yaradılacağını və qiymət tənzimlənməsi baş verəcəyini açıqlamışdılar. Amma bu, baş vermədi, ölkəyə bu benzini SOCAR-ın törəmə şirkəti gətirir və qiyməti də özləri diktə edir. Əgər bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik. SOCAR-ın rəqibi və başqa alternativi yoxdur, ona görə də qiyməti istədiyi kimi diktə edir. Özü də hökumət o qədər primitivdir ki, dünyada neft qiymətlərinin 100 dollardan aşağı düşdüyü gün SOCAR vasitəsi ilə qiyməti qaldırır. Yəni, 1 ay qabaq neft 130 dollar idi, indi 99 dollardlr, SOCAR isə bu gün deyir ki, dünyada qiymət artıb deyə, bizdə də qalxır. Yenə yalan danışırlar...” , - o qeyd edib.
Qeyd edək ki, ötən gün Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək. “Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.
Nərmin Vüqarqızı












