"Bu saziş İlham Əliyevin iqtisadi siyasətinin nə dərəcədə strateji olduğunu bir daha göstərdi” - Tahir Mirkişili

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, memoranduma görə, növbəti 5 il ərzində Avropaya qaz ixracını 2 dəfə artırmaq üçün birgə səylər göstəriləcək.
“Bu, ölkəmiz üçün artan valyuta gəliri, geosiyasi əhəmiyyətin və iqtisadi müstəqilliyin artması, qeyri-neft sektoru inkişafı üçün əlavə gəlir və texnologiya mənbələrinin yaranması deməkdir”, - deputat vurğulayıb.
Tahir Mirkişili qeyd edib ki, enerji dəhlizinin inkişaf etməsi ölkəmizin bu dəhliz boyu digər ölkələrlə elektrik enerjisi və xidmətlər ixrac etmək imkanını da artıracaq:
“Bu saziş digər tərəfdən Avropa İttifaqı kimi mühüm bazar ilə əməkdaşlıq səviyyəsini daha da artıracaq, Azərbaycanın bu bazarla əməkdaşlıq etmək istəyən digər ölkələr üçün əhəmiyyətini xeyli dərəcədə yüksəldəcək.
Bu hadisə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə illər öncə qərar vermiş və buna nail olmuş Prezident İlham Əliyevin iqtisadi siyasətinin nə dərəcədə strateji və uzaqgörən olduğunu bir daha göstərdi”.
Nərmin Vüqarqızı