Azərbaycan iqtisadiyyatını 2026-cı ilə kimi nə gözləyir? – Yeni inkişaf strategiyasının ŞƏRHİ

“Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib. 5 əsas istiqaməti özündə ehtiva edən Milli Prioritetlər Azərbaycanda müasir çağırışlara və beynəlxalq standartlara uyğun olaraq iqtisadi inkişafın davam etdirilməsi, eyni zamanda yeni innovativ iqtisadiyyatın daha da genişləndirilməsini nəzərdə tutur”.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov öz feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, bu prioritetlərdə diqqət çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inkluzivliyin, eyni zamanda innovativ iqtisadi inkişafın daha da genişləndirilməsinə nail olmaqdan ibarətdir.
“İnkluzivlik həm formalaşan və istifadə olunan dəyərdən cəmiyyətin daha yaxından istifadə etməsi, eyni zamanda dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanmasını nəzərdə tutur. Eləcə də insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması əsas hədəflərdən biridir.
Strategiyanın təsdiqi Azərbaycanda 2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelin tətbiq olunacağı anlamına gəlir. Ölkəmiz növbəti 8 ildə yeni iqtisadi modelə uyğun olaraq inkişaf edəcək. Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 2022‒2026-cı illər əhatə edəcək. 2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə iqtisadiyyatın innovativləşdirilməsi əsas hədəflərdəndir”, - deyə deputat bildirib.
Sənədə əsasən, növbəti 4 ildə ölkə iqtisadiyyatı hər il orta hesabla 3‒4%, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə illik orta hesabla 5% artması və özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılması hədəflənir.
“Sahibkarlığın inkişafına yönəldilən maliyyə dəstəyinin əsas mikro və kiçik sahibkarlara verilməsi nəzərdə tutulur. Belə ki, sənədə əsasən, sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir. Eyni zamanda rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarların dəstəklənməsi, sahibkarlar üçün yeni tətbiq mexanizmlərindən istifadə olunması da hədəflər siyahısındadır. Bu bir tərəfdən daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli istehsalın genişləndirilməsinə, digər tərəfdən Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq. Milli iqtisadiyyatın genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanması baxımından vacib hesab olunur. Belə ki, Qeyri-neft ixracatının həcminin 2026-cı ildə 4 milyard 860 milyon dollara çatıdırlması hədəflənir”, - Vüqar Bayramov əlavə edib.
Həmçinin deputat qeyd edib ki, ərzaq təhlükəsizliyi baxımdan prioritet olan kənd təsərrüfatında orta illik artımın 4 faiz olacağı proqnozlaşdırılır:
“Sənədə əsasən, nəqliyyat sektorunda orta illik artım tempi 5%-i üstələyəcək. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 milyon manatdan 2 dəfəyədək artaraq, 2026-cı ildə 450 milyon manata çatacağı hədəflənir. İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10%-dən çox, tikinti sektorunda isə təxminən 3% artım olacağı gözlənilir. 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyər 2019-cu illə müqayisədə 1,5 dəfə artacağı proqnozlaşdırılır.
Sənəddə fəaliyyətlər ayrıca matriks formasında qruplaşdırılıb və bu da hədəflərə necə nail olunmasını illik olaraq izləməyə imkan verərək. Bütövlükdə yeni prioritetlər islahatların növbəti on ildə də davam etdiriləcəyindən xəbər verir”, - deyə o qeyd edib.
Nərmin Vüqarqızı