Azərbaycan təbii qazını Yunanıstana bu şirkət çatdıracaq

 22:36 25.07.2022     227

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) layihə şirkəti – ICGB Yunanıstan ərazisindən təbii qazın nəqli ilə bağlı lisenziya alıb.

Redaktor.az xəbər verir ki, Yunanıstanın enerji tənzimləyicisi RAE-nın qərarına əsasən, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) həyata keçirilməsinə cavabdeh olan layihə şirkəti 50 il müddətində təbii qazın nəqlini həyata keçirə biləcək.

Bu yaxınlarda Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası (EWRC) ICGB AD şirkətinə 35 il müddətinə analoji lisenziya verib. EWRC-nin istismara vermə proseduruna uyğun olaraq şirkətin lisenziyalı fəaliyyətə başlaması üçün yekun icazəni verəcəyi gözlənilir. Lisenziyalaşdırma interkonnektorun Yunanıstan hissəsində əməliyyat mərhələsinin hazırlanması istiqamətində əsas addımdır. Üstəlik, lisenziya verilməsi şirkətin “mavi yanacağ”ın nəqlini həyata keçirmək üçün həm resurs, həm də texniki baxımdan hazır olduğunu təsdiqləyir.

Şirkətdən bildiriblər ki, ICGB-də yeni iki səviyyəli idarəçilik modelinin tətbiqi gözlənilir. Bu da şirkətin müstəqil ötürücü operator kimi yenidən qurulması ilə əlaqədar məcburi tələbdir.

ICGB-dən bildiriblər ki, onlar gücləndirilmiş institusional dəstəyə ümid edirlər. Bu isə interkonnektorun mümkün qədər tez işə düşməsi üçün qalan inzibati prosedurları azaltmağa yardım göstərəcək.

Qeyd olunub ki, IGB layihəsi Bolqarıstan və Cənub-Şərqi Avropa regionu üçün tədarüklə bağlı etibarlığın yüksəldilməsi və təbii qaz mənbələrinin şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, layihə Bolqarıstanı Cənub Qaz Dəhlizinə birləşdirəcək və müxtəlif mənbələrdən bir sıra ölkələrə, o cümlədən Moldova və Ukraynaya təbii qaz tədarükünə imkan verəcək.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30%-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur (report).