“Azərbaycan ərzaq böhranına maksimum səviyyədə hazırdır” – İqtisadçı ekspert

“Birləşmiş Millətlər Təşkilatının (BMT) ərzaq təhlükəsizliyi bağlı paylaşdığı statistikaya görə, son 10 il ərzində vacib olan ərzaq məhsullarının qiyməti mütəmadi olaraq artır. Bununla yanaşı, koronavirus pandemiyası bir çox sektorda istehsal proseslərini ləngitdi. Bu da öz növbəsində ərzaq məhsullarının qiymətinin bahalaşmasına təkan verdi. Sonda da Rusiya-Ukrayna arasındakı münaqişə birbaşa olaraq dünyada ərzaq istehlak səbətində birinci yerdə olan məhsulların qiymətinin bahalaşmasına təkan verdi”.
Bu sözləri Redaktor.az-a iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır" fikrini şərh edən iqtisadçı ekspert Fuad İbrahimov dedi. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ilk növbədə buğda və bitki yağlarının qiymətinin bahalaşmasına təsir edib.
“Ukrayna öz məhsullarını Qara dəniz vasitəsi ilə dünya bazarına çıxara bilmir. Rusiya da müxtəlif sanksiyalara məruz qaldığı üçün dördmənalı mövqe tutub. Beləliklə də bazarda qiymətlər bahalaşıb. Bahalaşma idarə olunmaz vəziyyətə gətirib çıxa bilər. Bu da öz növbəsində böhran vəziyyəti yaradacaq, lakin baxır hansı ölkələr buna hazır olacaq”.
Ekspert bildirdi ki, Azərbaycan neçə illərdir bu prosesə hazırlaşır. İstənilən fövqəladə vəziyyətin yaranmaması üçün qabaqlayıcı tədbirlər görülür.
“Bir çox məhsulların strateji ehtiyatları Prezidentin xüsusi nəzarətində olan məsələlərdir. Buğda, şəkər, qənd, yağ və bitki yağlarının hamısının strateji ehtiyatları var. Hökumət bu məsələdə həssasdır.
Külli miqdarda bahalaşma olarsa, alternativ variantlar olaraq hökumət həmin ərzaq məhsullarını istənilən enerji daşıyıcıları ilə əvəzləyərək Azərbaycana gətirə bilər. Hökumətimiz hərtərəfli və maksimal dərəcədə böhrana hazırdır”,- ekspert qeyd etdi.
Nərmin Vüqarqızı