"Xaricdən gətirdiyimiz malların daha da bahalaşması gözlənilir" - İqtisadçı ekspertdən PROQNOZ

 14:17 22.09.2022     513

Xəbər verdiyimiz kimi, ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu gün dünyada çox böyük inflyasiyalar baş verir. Onun sözlərinə görə, Amerikada və Avropada qiymət artımı artıq iki rəqəmli inflyasiyaya yaxınlaşıb:

"İqtisadi nəzəriyyəyə görə bununla mübarizədə ən effektiv üsullardan biri mərkəzi bankların uçot dərəcəsini artırılması yoludur. Çünki uçot dərəcəsi artırılanda kreditlər bahalaşır, tələblər azalır və iqtisadiyyatın templəri aşağı düşür. Bu isə başqa fəsadlar törədir. Yəni, inflyasiya ola bilər ki, mübarizədə effekt versin və qiymətlərin azalması baş versin. Amma iqtisadiyyatın daralmasını da özü ilə paralel gətirir. İş yerləri, iqtisadi aktivlik azala və resessiya təhlükəsi arta bilər. Ona görə də dünya iqtisadiyyatı indi pislə çox pis arasında seçim etməyə məcburdur. Çox pis odur ki, inflyasiya var, qiymətlər yüksəlir. Pis isə odur ki, bununla mübarizədə iqtisadi aktivlik azalacaq, iş yerləri bağlanacaq və nəticə etibarı ilə növbəti resessiya dalğasını gətirəcək. Həqiqətən də dünya iqtisadiyyatında çox çətin bir durumdur.”

Natiq Cəfərli uçot dərəcəsinin artırılmasının Azərbaycan valyutasına təsiri barədə də danışdı. Ekspert qeyd etdi ki, Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir.

"Bizdə dollara indeksləşmiş inzibati məzənnə rejimi var. Buna görə də dolların digər valyutalar qarşısında bahalaşmasını manatın da digər məzənnələr qarşısında bahalaşması kimi görürük. Məsələn, son zamanlar manat avro qaşısında xeyli güclənib. Hətta bu gün rəsmi məzənnəyə görə dollar 1.70 manatdırsa, avro 1.68 manatdır. Bu formada Azərabycana təsir göstərir. Amma birbaşa təsirləri yoxdur. Çünki dediyim kimi məzənnə inzibatidir. FED-in qərarından sonra hələlik, ən azı bu il ərzində, Azərbaycan Mərkəzi Bankının valyuta dəyişikliyi ilə bağlı hansısa qərar verəcəyi gözlənilmir. Həm də obrazlı desək, Azərbaycan manatı kağız neftdir. Neftin qiyməti 90 dollardan yüksəkdir. Ona görə də indiki yüksək neft qiymətlərində manatın məzənnəsi ilə bağlı hansısa dəyişikliklərə gedəcəklərini düşünmürəm. Uçot dərəcəsinin artırılmasının təbii ki, dolayı təsirləri olacaq. Baha dollar Azəbaycanda idxal inflyasiyasına səbəb ola bilər. Yəni xaricdən gətirdiyimiz malların daha da bahalaşması gözlənilir”, - deyə iqtisadçı vurğulayıb.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən