Deputatlardan ərzaq və dərman qiymətlərinin aşağı salınması üçün TƏKLİF
Son zamanlarda ərzaq və dərman məhsullarının qiymət qrafikasında kəskin artımlar müşahidə edirik.
Qiymət bazarının tənzimlənməsi üçün bu məhsullar üzrə əlavə dəyər vergisinin (ƏDV) azaldılması yöndə bir sıra təkliflər olub.
Ötən günlərdə saytımıza açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Azərbaycan xarici səbəblərdən asılı olmayaraq artan qiymətlərin qarşısını almaq üçün öncə ƏDV-ni ərzaq məhsulları üçün 1-2%-ə qədər azaltmalıdır.
Redaktor.az mövzu ilə bağlı bir sıra millət vəkillərinin fikirlərini öyrənib.
Milli Məclisin deputatı Aydın Hüseynov söylədi ki, bəzi məhsullara diferensial ƏDV tətbiq edilə bilər:
“Bəzi ərzaq, dərman məhsulları var ki, bunlar ölkəyə idxal olunur. İdxal olunarkən satıcı ölkə hansı qiyməti tətbiq edirsə, bizim bazara da o qiymətə daxil olur. Bununla bağlı Milli Məclisdə də fikirlər səsləndirilib. Ümumiyyətlə, ƏDV üzrə vergilərin diferensial yanaşması ilə bağlı bir çox millət vəkilləri fikirlər səsləndirib. Mən də hesab edirəm ki, ərzaq, dərman preparatları kimi elə məhsullar var ki, onlara hansısa bir formada diferensial ƏDV yanaşmasını tətbiq etmək olar”.
Millət vəkili Vüqar Bayramov qeyd etdi ki, o, ƏDV tətbiqi zamanı diferensial dərəcələrə üstünlük verilməsini təklif edir.
“Diferensial əlavə dəyər vergisinin tətbiqi müzakirə edilən məsələlərdəndir. Xüsusən də strateji əhəmiyyət daşıyan, o cümlədən ərzaq məhsulları üçün daha aşağı ƏDV-nin tətbiqi məqsədəuyğundur. Bu, istehlak bazarında qiymətlərə təsir göstərə bilər. Bu, qiymətlərin optimallaşdırılması baxımından vacib addımlardan biridir.
Eyni zamanda digər vacib məqamlardan biri həm də fərqli sektorların inkişafı üçün diferensial ƏDV-nin tətbiqi məqsədəuyğun olardı. Çünki bu həm də həmin sektorlarda xərcin azalmasına imkan yarada bilər. Bu baxımdan, biz də ƏDV üzrə faiz dərəcələrinin sektorlardan, eləcə də məhsul növündən asılı olaraq diferensial tətbiq edilməsini təklif edirik. Güman edirik ki, fərqli əlavə dəyər vergisinin tətbiqi bütövlükdə istehlak bazarında qiymətlərin optimallaşdırılmasında, xüsusən də qeyri-neft sektorunun stimullaşdırılmasında böyük rol oynayacaq”, - deyə iqtisadçı deputat bildirdi.
Digər həmkarlarının fikirlərini dəstəkləyən deputat Rüfət Quliyev isə vurğuladı ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bu yöndə danışıqlar gedir:
“Biz də ƏDV ilə bağlı təkliflər veririk. Bilirik ki, bunun fiskal xarakteri var, yəni bu, büdcə üçündür. Amma burada büdcədən başqa bunun stimullaşdırılma və sosial xarakteri bizim üçün daha maraqlıdır. Biz də ona güc veririk ki, bu məsələyə baxılsın və məhsullara tətbiq edilən əlavə dəyər vergisi azaldılsın. Burada məsələ bir çox qida məhsulları ilə əlaqəlidir. Kənd məhsulları artıq emala gedirsə, bu zaman onlara da ƏDV tətbiq edilir. Biz bunun da azaldılmasının lehinəyik, dəstəkləyirik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bu yöndə danışıqlar gedir və düşünürük ki, bunu hansısa bir formada diqqətdə saxlamalıyıq”.
Deputat Azər Badamov isə ƏDV-nin ümumi şəkildə 2%-ə endirilməsi məsələləsini real hesab etmir.
“Çünki bu, dövlət büdcəsinin gəlirlərinin formalaşmasına çərtinlik yaradacaqdır. Unutmaq olmaz ki, dövlət büdcəsinin əhəmiyyətli hissəsi ƏDV-dən gələn gəlirlər hesabına formalaşır. Amma hesab edirəm ki, vətəndaşların gündəlik tələbatının ayrılmaz hissəsi olan 3-4 adda malın müəyyən müddətdə 0% ƏDV ilə dövriyyəyə icazə verilməsi mümkündür.
Hökumət bu istiqamətdə hesablama aparıb minimum ərzaq səbətinin əsas hissəsini təşkil edən 3-4 adda ərzağın ƏDV-dən azad olunması dövlət büdcəsinə nə qədər maliyyə yükü yaradacağını hesablamalıdır. Məsələn, şəkər, un, çay müəyyən dövr üçün ƏDV-dən azad olunarsa, gündəlik ən çox istehlak olunan bu məhsulların qiymətlərini müəyyən dövrdə sabitləşdirmək mümkün olacaqdır”.
Nərmin VÜQARQIZI












